10/05/2020

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 97 illiyini qeyd edir


Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 97 yaşı qeyd olunur.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.
H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.