31/08/2019

"Sumqayıt" FK-nın U-12 komandası turnirin qalibi olub


Bu həftə Mehdi Hüseynzadə adına stadionda 12 yaşadək futbolçulardan ibarət 8 komandanın iştirakı ilə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş turnir keçirilib. İki qrupa bölünmüş komandalar arasında keçirilən yarışda "Sumqayıt" FK-nın U-12 komandası da iştirak edib.

Turnirin ilk qarşılaşmasında "Əlincə" ilə qarşılaşan 12 yaşlılarımız rəqibini 4:0 hesabı ilə məğlub edib. Emil Həsənlinin dubl etdiyi qarşılaşmada Pünhan Qasımzadə və Onur Kosayev hərəyə 1 dəfə fərqlənib.
Samir Abdulovun yetirmələri 2-ci oyunda "Ərgünəş"lə qarşılaşıb. Qarşılaşmanı Emil Həsənovun qolları ilə 2:0 hesabı ilə qalib tamamlayan komandamız 3-cü oyunda isə UGİŞM ilə üz-üzə gəlib. 1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşmada U-12-nin qoluna Əli Əhmədov imza atıb.

Final qarşılaşmasında isə "Sumqayıt" FK ikinci qrupun ilk pilləsində qərarlaşmış "Sumqayıt City" ilə qarşılaşıb. Samir Abdulovun komandası son qarşılaşmanı Tunar Kərimovun qolu ilə qalib tamamlayaraq turnirin baş mükafatına sahib çıxıb.

Bütün qarşılaşmalar yekunlaşdıqdan sonra, turnirin mükafatçıları kubok, medal və diplomlarla təltif edilib.