21/12/2012

“Access Bank Məktəbli Turniri”nin qalibləri mükafatlandırılıb


Access Bank Qapalı Səhmdar Cəmiyyətinin sponsorluğu, “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Access Bank Məktəbli Turniri”nə yekun vurulub. Sumqayıt Olimpiya İdman Kompleksinin stadionunda yarışın final oyunları keçirilib, ardınca turnirin mükafatlandırma mərasimi baş tutub.
1999-2000-ci il təvəllüdlü futbolçuların yarışında 29 saylı orta məktəbin komandasını məğlub edən 14 saylı orta məktəb “Access Bank Məktəbli Turniri”nin qalibi olub. 3-cü yer uğrunda oyunda isə 5 saylı orta məktəb 9 saylı orta məktəbi üstələyərək bürünc medallara sahib çıxıb.
2001-2002-ci il təvəllüdlü futbolçuların yarışında isə 37 saylı orta məktəb qələbəni bayram edib. Bu yaş qrupunda 2 saylı orta məktəb ikinci 14 saylı orta məktəb isə üçüncü yerə sahib çıxıb.
Qalib komandalara mükafatları “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, “Access Bank”ın Sülh filyalının rəhbəri Emil Ağalarov, Sumqayıt futbolunun canlı əfsanələri Əbdül Məmmədov, Telman Salahov və Yaşar Şəmilov təqdim edib. Sonda qaliblərlə xatirə şəkilləri çəkilib.