17/12/2012

Emin Cəfərquliyev: “Komanda sözün əsl mənasında sona qədər döyüşdü və qələbə qazandı”


Topaz Premyer Liqasının 17-ci turunda səfərdə “Rəvan” üzərində əzmkar qələbə qazanan (3:2) “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Komandanın heyətində son 3 qarşılaşmada 90 dəqiqə meydanda olan yarımmüdafiəçimiz Emin Cəfərquliyev qələbəyə şər verib və 2012-ci ilin son oyunu haqqında danışıb : “Rəvan”la qarşılaşmaya olduqca ciddi hazırlaşmışdıq. Bu oyunda 3 xal bizə hava-su kimi lazım idi. Çünki qələbə qazanıb təhlükəli mövqedən uzaqlaşmaq istəyirdik. Buna qədər keçirdiyimiz son qarşılaşmalarda da qələbəyə yaxın olmuşduq. Lakin bəzi məqamlarda öz səhvlərimiz ucbatından meydanı xalsız tərk etmişdik. Komanda sözün əsl mənasında "Rəvan"la qarşılaşmada sona qədər döyüşdü və qələbə qazandı. Hamını təbrik edirəm. İndi qarşıda bizi daha çətin oyun gözləyir. “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşdığı üçün meydana yalnız qələbə üçün çıxacaq. Olduqca maraqlı qarşılaşma olacaq. Bu oyunda da əsas hədəfimiz 3 xaldır. İnşallah qələbə qazanıb dövrələrarası fasiləyə 20 xalla yallanarıq”.

Qeyd edək ki, Emin Cəfərquliyev cari mövsümdə “Sumqayıt” Futbol Klubunun heyətində Premyer Liqada 11 qarşılaşmada iştirak edib və 550 dəqiqə meydanda olub.