13/12/2012

Ceyhun Sultanov: “Son iki oyundan maksimum nəticə ilə ayrılıb yeni ilə 20 xalla yollanmaq istəyirik”


Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu məşqlərini Bayıl Arena-da davam etdirir. Komandamızın üzvü Ceyhun Sultanov hazırlıq mərhələsi və həftəsonu baş tutacaq “Rəvan” oyunu haqqında klubun rəsmi saytına açıqlama verib: “Hazırlığımızı normal şəkildə davam etdiririk. Düzdür, heyətdə hələ də bəzi problemlərimiz qalmaqdadır. Tam onbirliklə meydana çıxa bilmirik. Amma son qarşılaşmalarla müqayisədə əsas heyət üzvlərindən iki-üç futbolçumuz sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə də yüksəkdir. Mövsümün “ekvator xəttinə” çatmaq üzrəyik. Hamılıqla çalışırıq ki, birinci dövrəni uğurlu nəticələrlə tamamlayaq. Bunun üçün var qüvvəmizlə hazırlığımızı davam etdiririk. Əsas məqsədimiz ilk olaraq, “Rəvan”la qarşılaşmadan 3 xalla ayrılmaqdır. Bayıl Arena-da adıçəkilən komandanı məğlub etmək məcburiyyətindəyik. Ardınca bizi “Kəpəz”lə çətin oyun gözləyir. Ümumilikdə götürsək, qarşıdakı iki qarşılaşmadan maksimum nəticə ilə ayrılıb yeni ilə 20 xalla yollanmaq istəyirik. İnşallah bütün komanda ilə bu istəyimizə çatarıq”.

Qeyd edək ki, Ceyhun Sultanov cari mövsümdə “Sumqayıt” FK-nun heyətində Premyer Liqada 14 qarşılaşmada 1132 dəqiqə meydanda olub.