07/12/2012

Sumqayıtda “Access Bank Məktəbli Turniri”nin açılış mərasimi keçirilib


Sumqayıt Olimpiya İdman Kompleksində “Access Bank Məktəbli Turniri”nin açılış mərasimi olub. “Access Bank Məktəbli Turniri” Access Bankın sponsorluğu və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilir. “Access Bank Məktəbli Turniri”ndə 2 yaş qrupu 1999-2000 və 2001-2002-ci il təvəllüdlü məktəblilər mübarizə aparacaq.
“Access Bank Məktəbli Turniri”ni keçirməkdə əsas məqsəd futbolun populyarlaşması istiqamətində Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərində futbolun təbliği, istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onları “Sumqayıt” Futbol Klubunun aşağı yaş qruplarına cəlb etmək və milli komandalar üçün gənc futbolçuları yetişdirməkdir.

Turnirin açılış mərasimində Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Access Bank Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Anar Həsənov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, U-19 millimizin baş məşqçisi Arif Əsədov, Şimal Regional Futbol Federasiyasını prezidenti Yaşar Şamilov, əməkdar məşqçilər Telman Salahov və Tofiq Rzayev iştirak edirdi.

Tədbirin aparıcısı Rauf Ağakişiyev qonaqları və yarış iştirakçılarını salamlayaraq komandaları meydanın mərkəzinə dəvət etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında “Access Bank Məktəbli Turniri” açıq elan olundu.

Tədbirdə açılış sözü üçün Access Bank Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Anar Həsənov mikrafon önünə dəvət olundu: “Access Bank Qapalı Səhmdar Cəmiyyəti hər zaman Azərbaycan futbolunun inkişafına çalışıb. Şirkət olaraq düşünürük ki, ölkə futbolunun inkişafı uşaq futbolundan başlayır. Paytaxda dəfələrlə AFFA ilə birlikdə müxtəlif layihələr həyata keçirmişik. Bu dəfə Sumqayıtda şəhərində “Access Bank Məktəbli Turniri”nə start veririk. Bütün iştirakçılara uğurlar arzulayıb onları təbrik edirik”.

Ardınca söz “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyevə verildi: "Ölkə başçısı cənab İlham Əliyev 2012-ci ili “İdman İli” elan etməsindən sonra “Sumqayıt” Futbol Klubu baş sponsorumuz Azərikimya İstehsalat Birliyi ilə bir çox sayda idman tədbirləri və futbol layihələri həyata keçirib. Nəzərinizə çatdırım ki, bu günki tədbirimiz Access Bank Qapalı Səhmdar Cəmiyyətinin sponsorluğu ilə baş tutacaq. Biz 2012-ci ilə “Access Bank Məktəbli Turniri” ilə yekun vururuq. Fürsətdən istifadə edib, Access Bankın rəhbərliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, “Sumqayıt” Futbol Klubu gələcəkdə baş sponsorumuz Azərikimya İstehsalat Birliyi və portnyorlarımızın dəstəyi bu cür layihələri tez-tez həyata keçirəcək”.

Daha sonra Sumqayıt futbol məktəbinin yetirməsi olan, hazırda U-19 millimizin baş məşqçisi kimi fəaliyyət göstərən Arif Əsədov fikirlərini bildirdi: “Ölkəmizdə, əsasən də paytaxtdan kənarda belə turnirlərin keçirilməsi Azərbaycan futbolunun inkişafına təkan verən amillərdəndir. “Access Bank Məktəbli Turniri”nin təşkilinə görə, həm Access Banka həm də “Sumqayıt” Futbol Klubuna təşəkkür edirəm. Belə tədbirlərin keçirilməsini milli komandanın baş məşqçisi kimi alqışlayıram”.

Musiqi parçasından sonra “Access Bank Məktəbli Turniri”nə start verildi. Əvvəlcə meydana 42 saylı orta məktəbin komandası ilə 40 saylı orta məktəbin komandası dəvət olundu. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş birincilərin 5:2 hesablı qələbəsi ilə yekunlaşdı. Günün ikinci qarşılaşmasında isə 14 saylı orta məktəb 3:2 hesabı ilə 17 saylı orta məktəbə qalib gəldi.