28/11/2012

Sabah “AccessBank Məktəbli Turniri”nin açılışı olacaq


“AccessBank”ın sponsorluğu, “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt şəhərində “AccessBank Məktəbli Turniri” keçiriləcək. “AccessBank Məktəbli Turniri”ndə 2 yaş qrupu (1999-2000 və 2001-2002-ci il təvəllüdlü məktəblilər) mübarizə aparacaq. Turnirdə 40 məktəbin komandaları yarışacaq. Turnirdə ümumilikdə 450-dən artıq məktəbli iştirak edəcək.

“AccessBank Məktəbli Turniri”ni keçirməkdə əsas məqsəd futbolun populyarlaşması istiqamətində Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərində futbolun təbliği, istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onları “Sumqayıt” Futbol Klubunun aşağı yaş qruplarına cəlb etmək və milli komandalar üçün gənc futbolçuları yetişdirməkdir.

Sabah Sumqayıt Olimpiya Kompleksinin meydançasında turnirin açılış mərasimi keçiriləcək. Tədbir saat 16:00-da start götürəcək.

“AccessBank Məktəbli Turniri”nə dekabrın 24-də yekun vurulacaq.

Nəzərinizə çatdıraq ki, “AccessBank Məktəbli Turniri”nin açılışı klubun rəsmi "internet televiziyası" (tv.sfc.az) ilə canlı yayımlanacaq.