25/09/2012

Səlahət Ağayev: “Əzmkarlıq nümayiş etdirib qələbə qazanmağı bacardıq”


Komanda ilə birlikdə “Bakı” ilə oyuna hazırlaşan “Sumqayıt” Futbol Klubunun qapıçısı Səlahət Ağayev “Neftçi” üzərindəki qələbədən danışıb. Oyundaşlarına əzmkar oyuna görə təşəkkür edən 21 yaşlı qolkiper komandanın uğursuzluq zolağından çıxdığını deyib: “Olduqca çətin dövrdən keçirik. “Qarabağ” və “Qəbələ” ilə oyundakı böyükhesablı məğlubiyyətlər komandaya və uşaqlara olduqca pis təsir etmişdi. “İnter”lə görüşdə komanda pis təsir bağışlamadı, lakin məğlub olduq. “Neftçi” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Bu görüşdə uşaqlar meydanda canlarını qoydu. Əsl əzmkarlıq nümayiş etdirib qələbə qazanmağı bacardıq. Çətin dövrdə gözəl oyunla əldə etdiyimiz qalibiyyət komanda kimi bizə çox yaxşı təsir edəcək. Fürsətdən istifadə edib “Neftçi” Peşəkar Futbol Klubuna avrokuboklarda uğurlar arzulayıram”.

Səlahət həftəsonu “Bakı” ilə baş tutacaq görüş barəsində də fikirlərini bildirib: “Komandada əhval ruhiyyə olduqca yüksəkdir. “Neftçi” üzərindəki qələbədən sonra bu ssenarini davam etdirmək istəyirik. Ardıcıl doğma azarkeşlərimiz qarşısında keçirəcəyimiz ikinci oyundan da sərfəli nəticə ilə ayrılmaq əsas məqsədimizdir. Bizi dəstəkləyən bütün fanatlarımıza təşəkkür edirəm. “Sumqayıt” Futbol Klubuna gəldiyim gündən onları daim yanımızda görmüşəm. Pis, yaxşı günümüzdə də bizi dəstəkləyiblər. İnşallah “Bakı” ilə görüşdə sərfəli nəticə qazanıb onları növbəti dəfə sevindirərik”.