11/09/2012

Ceyhun Sultanov: “Məqsədimiz normal hazırlaşıb “İnter”lə oyunda uğurlu nəticə qazanmaqdır”


“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov komandanın hazırlığı barəsində açıqlama verib. Rəsmi saytımıza danışan 33 yaşlı futbolçu sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağını deyib: “Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilə bizə yaxşı təsir etdi. Var qüvvəmizlə hazırlığımızı davam etdiririk. Uşaqlarda əhval ruhiyyə yüksəkdir. Əsas məqsədimiz normal hazırlaşıb “İnter”lə qarşılaşmada uğurlu nəticə qazanmaqdır. İnşallah paytaxt klubu ilə görüşdə sərfəli nəticə əldə edib uğursuzluq zolağından çıxarıq. İki gün əvvəl məşqdə zədələnmişdim. Lakin indi yaxşıyam, bu gün fərdi məşqlərlə kifayətləndim. Sabahdan etibarən isə komanda ilə birlikdə hazırlaşacağam”.

Ceyhun Sultanov həmçinin Azərbaycan yığmasının bu gün Portuqaliya ilə keçiriləcək oyunu haqqında da fikirlərini bildirib: “İsraillə oyunu canlı izlədim. Komanda ilk yarıda o qədər də yaxşı oynamadı. Amma ikinci hissədə millimiz daha inamlı təsir bağışladı. Qaldı ki, bu gün Portuqaliya ilə keçiriləcək görüşə, oyun yığmamız üçün olduqca çətin olacaq. 2006-cı ildə Portuqaliyada baş tutan matçda mən millinin heyətində yer almışdım. Priney təmsilçisinin gücü hər kəsə məlumdur. Yığma komandamıza bu günki qarşılaşmada uğurlar arzulayıram”.

Qeyd edək ki, Ceyhun Sultanov 7 oktyabr 2006-cı ildə Portuqaliya - Azərbaycan görüşündə forma geyinib (0:3).