14/08/2012

Bernhard Raab: “Qarşıdakı turlarda komandanın nəyə qadir olduğu görünəcək”


Premyer Liqanın 3-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Komandanın baş məşqçisi Bernhard Raab arxada qalan iki turu dəyərləndirib: “Premyer Liqanın ilk turunda AZAL-la qarşılaşdıq. Paytaxt klubunun heyətində ötən mövsümə nisbətən xeyli dəyişikliklər olmuşdu. İndiki AZAL, ötən ilki komandadan qat-qat güclü idi. Bu oyunda uşaqlar verilən tapşırıqların öhdəsindən gəldi. Baxımlı oyun nümayiş etdirib bir xal qazandıq. “Turan”la oyuna gəldikdə isə, rəqibin ilk turda “Kəpəz”lə matçını izləmişdim. Bu komandanı mütləq məğlub etməli idik. Bu səbəbdən Tovuza yalnız qələbə üçün yollanmışdıq. İlk hissənin ortalarında bir futbolçumuz meydandan qovulsa da, uşaqlar əzmkarlıq nümayiş etdirib qələbəni qazandı. Dörd xal çempionatın startı üçün yaxşı nəticədir. Lakin indiki halda komanda haqqında ciddi fikir yürütmək olmaz. Düşünürəm ki, qarşıdakı turlarda komandanın nəyə qadir olduğu görünəcək”.

Bernhard Raab həmçinin “Qarabağ”la oyun haqqında da danışıb. Almaniyalı mütəxəssis Ağdam klubunu ölkə çempionatının ən yaxşısı adlandırıb: “Xatırladım ki, “Sumqayıt” ötən mövsüm ilk xalını məhz “Qarabağ”dan almışdı. İlk səfər qələbəmiz də Ağdam klubuna qarşı oyunda qazanılıb. Buna baxmayaraq, “Qarabağ” Premyer Liqanın ən stabil və güclü komandalarından biridir. Rəqibin heyətində milli komandanın əsas simaları çıxış edir. Ötən mövsümü də nəzərə alsaq, rəqib oyuna daha hirsli başlayacaq. Biz klub olaraq, bu oyuna çox ciddi hazırlaşırıq. Öz tərəfimizdən hər şey edəcəyik ki, bu görüşdən qalib ayrılaq”.