04/08/2012

“Sumqayıt” FK Premyer Liqanın ilk turunda AZAL-la heç-heçə etdi


"Sumqayıt" - AZAL 2:2
04 avqust 2012. Saat 18:30. Mehdi Hüseynzadə adına stadion. 2400 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Mübariz Haşımov
Dördüncu hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Uğur Pamuk, 62 (rəqibi əllə tutduğuna görə); Slavik Alxasov, 76 (əllə tutduğuna görə); Emin Cəfərquliyev, 90+3 (bilərəkdən əllə oyun) // Artur Patras, 34 (simulyasiya); Zohair Benouahi, 80 (hakimə etiraz)
Qollar: Orxan Əliyev, 44; Fərcad-Azad Pərdis, 55 // Cavid Tağıyev, 12; Zohair Benouahi, 67
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2.Atam Məhəmməd Əli
(9. Orxan Əliyev, dəq.37)
3. Aftandil Hacıyev
4. Samir Abbasov (k)
5. Murat Doymuş
7. Fərcad-Azad Pərdis
13. Murad Ağayev
(17. Emin Cəfərquliyev, dəq.72)
10. Ceyhun Sultanov
22. Slavik Alxasov
76. Uğur Pamuk
(21. Məhəmməd Mirzəbəyov, dəq.68)
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
11. Sabir Allahquliyev

Baş məşqçi: Bernhard Raab

AZAL
12. Cahangir Həsənzadə (k)
2. Juan Fransisko
4. Ailton Jose Junior
6. Taqim Novruzov
7. Cavid Tağıyev
11. Zohair Benouahi
15. Oskars Klyeva
(37. Andrius Veliçka, dəq.63)
16. Junior Nildo
(17. Viktor İqbekoyi, dəq.84)
3. Usim Nduka
20. Branislav Arseniyeviç
28. Artur Patras
(99. Orxan Həsənov, dəq.60)

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
8. Elman Taqayev
10. Tərlan Xəlilov
22. Ruslan Tağızadə

Məşqçi: Şakir Qəribov

Bu gün XXI Azərbaycan çempionatın start verildi. “Sumqayıt” Futbol Klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edirdi. Əvvəlcə ötən mövsüm hər iki komanda arasında keçirilmiş oyunlara qısaca da olsun nəzər salaq.

"Sumqayıt" FK ilk qələbəsini AZAL üzərində qazanmışdı

"Sumqayıt" Futbol Klubu 2011/2012 mövsümündə ilk qələbəsini məhz AZAL üzərində qazanmışdı. 30 oktyabr 2011-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə Bernhard Raabın yetirmələri 2:1 hesabı ilə qalib gəlmişdi. Komandamızdan qolları Samir Abdulov və Eldar Məmmədov vurmuşdu.
"Sumqayıt" FK Premyer Liqanın ilkin mərhələsinin son oyununu da AZAL-a qarşı keçirib. 7 mart 2012-ci ildə "AZAL Arena"da baş tutan görüşdə "təyyarəçilər" 6:3 hesabı ilə qələbə qazanmışdı. Meydan sahiblərindən Tales Şütz (2 qol), Zohair Benouahi (2 qol), Branislav Arsenijeviç və Tərlan Xəlilov fərqlənmişdi. "Sumqayıt"dan isə Orxan Əliyev, Uğur Pamuk, və Emin Mustafayev qol sevinci yaşamışdı.
"Sumqayıt" və AZAL 2011/2012 mövsümündə 2-ci "altılıq"da mübarizə apardığı üçün final mərhələsində daha iki dəfə üz-üzə gəlib.  Bu mərhələdəki ilk qarşılaşma 8 aprel 2012-ci ildə tarixində "AZAL Arena" keçirilmiş və qalib müəyyənləşməmişdi (1:1).
Berhnard Raabın yetirmələri 2011/2012 mövsümündə son qələbəsini də məhz AZAL üzərində qazanmışdı. 6 may 2012-ci il tarixində "Dalğa Arena"da baş tutan görüşdə komandamız minimal hesablı qələbəni bayram etmişdi. Yeganə qolun müəllifi isə Orxan Həsənov olmuşdu.

Samir Abasov və Cahangir Həsənzadə çempionatı açıq elan etdi

"Sumqayıt" - AZAL görüşü mövsümün ilk oyunu olduğu üçün hər iki komandanın kapitanı Samir Abasov və Cahangir Həsənzadə Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırdı. Start fitindən əvvəl isə “Sumqayıt” Futbol Klubunun üzvləri azarkeşlərə kiçik hədiyyə ərmağan etdi. Xüsusi hazırlanmış toplar azarkeşlərə tərəf vuruldu.
Qeyd edək ki, oyundan əvvəl “Sumqayıt” FK-nun rəsmi fanklubu şəhərdə avtoyürüş də təşkil etmişdi.
Bundan başqa, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top xanım və çempionatın rəsmi dostu seçilmiş müğənni Çingiz Mustafayev fasilə zamanı meydana çıxaraq öz “məharətləri”ni nümayiş etdirdi.

Qələbə hesabını qoruya bilmədik

Qarşılaşmada ilk təhlükəli vəziyyət qolla nəticələndi. 12-ci dəqiqədə Cavid Tağıyev “aşırma” zərbəsi ilə hesabı açdı. Lakin görüşün 37-ci dəqiqəsində Məhəmməd Əli Atamı əvəzləyərək meydana daxil olan Orxan Əliyev hesabı bərabərləşdirməyə müvəffəq oldu. 16 yaşlı forvard 44-cü dəqiqədə Ruslan Qurbanovun sağ cinahdan ötürməsini başla tora qovuşdurdu.
İkinci hissəyə sürətli başlayan “Sumqayıt” 55-ci dəqiqədə hesabda irəli çıxdı. Ceyhun Sultanovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra Pərdis Fərcad-Azad topu qəbul edərək Cahangir Həsənzadədən sıyrılaraq "yuvarlaq meşin"i tora qovuşdurdu. Lakin komandamız qələbə hesabını qoruya bilmədi.
Qarşılaşmanın 67-ci dəqiqəsində Zohair Benouahi topu qapının uzaq “doqquzluğ”una sancaraq oyunun hesabını rəsmiləşdirdi.

Bernhard Raab ("Sumqayıt" FK-nun baş məşqçisi): "AZAL oyun baxımından bizdən güclü idi. Komandam yaxşı mübarizə apardı. Bəxtimiz gətirmədi ki, iki futbolçumuzu əvəz etmək məcburiyyətində qaldıq. Bununla da oyun sistemimiz pozuldu. İlk oyunda bir xal qazana bildik. Komandamdan razıyam".


Şakir Qəribov (AZAL-ın məşqçisi): "Hər iki komandanı bir xal qazanması münasibəti ilə təbrik edirəm. Biz qol imkanlarından yaxşı istifadə edə bilmədik. Müdafiəçilərimiz kobud səhvlər buraxdılar. Hesabda geri olmağımıza baxmayaraq, bərabərlik qolunu vura bildik. Amma komandadan razıyam. Heyətdə 18 nəfər dəyişiklik olub. Bu futbolçular heç 20 gün deyil bir yerdədilər. Gələn oyunlardea səhvlər buraxmamağa çalışacağıq".