25/07/2012

"Sumqayıt" Murad Doymuşla ikiillik müqavilə imzaladı


2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti transferini rəsmiləşdirib. "Berliner AK"da forma geyinən Azərbaycan əsilli Murad Doymuş komandamızla ikiillik müqavilə imzalayıb. Qeyd edək ki, 1985-ci il təvəllüdlü mərkəz müdafiəçisi son iki mövsüm Berlin klubunun kapitanı olub.

"Hələ ötən mövsümdən "Sumqayıt" Futbol Klubu mənim xidmətimdə maraqlı idi. Bu ölkə mənə heç də yad deyil. Xeyli müddət idi hər iki klub arasında danışıqlar davam edirdi. "Berliner AK"da kapitan olduğum üçün bu klub məni buraxmaq istəmirdi. Lakin sonda razılıq əldə olundu və mən "Sumqayıt"la müqavilə imzaladım", - deyə Murad klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, Murad 2004-cü ildə "Maynts"la peşəkar müqavilə imzalayıb. O, bu klubun əvəzedicilərində 36 oyunda iki qol vurub. Adıçəkilən futbolçu 2006/2007 mövsümünü "Berliner AK"da keçirib (21 oyun, 1 qol). 2007-ci ildən 2010-cu ilə qədər "Türkiyemspor"da çıxış edən Murad 77 qarşılaşmada rəqib qapılarından 5 top keçirib. Yeni transferimiz son iki mövsümü "Berliner AK"da keçirib (50 oyun, 6 qol).