25/07/2012

"Sumqayıt" "Kayseri Erciyesspor"la heç-heçə edib


2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən "Sumqayıt" Futbol Klubu ilk yoxlama oyununu keçirib. Ötən mövsüm Bank Asiya 1-ci Liqada 6-cı pilləni tutan "Kayseri Erciyesspor"la qarşılaşma rəqibin bazasında baş tutub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Oyunda ilk qolu "Kayseri Erciyesspor" vurub. Qarşılaşmanın 16-cı dəqiqəsində Ceyhun Sultanovun ötürməsindən sonra Pərdis Fərcad-Azad başla hesabı bərabərləşdirib.
İkinci hissəyə də sürətli başlayan komandamız debütdəcə hesabda irəli çıxıb. Bu dəfə Ceyhun Sultanovun ötürməsini Uğur Pamuk lazımınca dəyərləndirib. İlk saatın tamamında "Kayseri Erciyesspor" daha bir dəfə fərqlənərək oyunun hesabını rəsmiləşdirib (2:2).
Qeyd edək ki, millimizin hücumçusu Cihan Özkara da bu qarşılaşmada forma geyinib.

"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Bernhard Raab oyundan sonra klubun rəsmi saytına fikirlərini bildirib: "Komandamın oyunundan razı qaldım. Hücum xətti ilə yanaşı, yarımmüdafiə və müdafiə xətti də olduqca inamlı təsir bağışladı. İlk hissədə Uğur Pamuk, Məhəmməd Əli Atam, Ceyhun Sultanov və Orxan Əliyev əla oyun nümayiş etdirdi. Sabir Allahquliyev və Məhəmməd Mirzəbəyov da oyuna olduqca aktiv daxil oldular. Bəzi çatışmamazlıqlarımız var. Amma Premyer Liqanın startına qədər tam hazır vəziyyətə gələcəyimizə inanıram".

"Sumqayıt" oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Samir Abasov, Murad Doymuş, Slavik Alxasov, Məhəmməd Əli Atam, Orxan Əliyev, Murad Ağayev, Uğur Pamuk, Emin Cəfərquliyev, Ceyhun Sultanov, Pərdis Fərcad-Azad.
Oyuna sonradan daxil olanlar: Aftandil Hacıyev, Ramil Həşimzadə, Sabir Allahquliyev, Məhəmməd Mirzəbəyov, Aqşin Muxtaroğlu.