09/09/2011

"PAŞA Həyat Sığorta" ilə əməkdaşlıq müqaviləsi imzalandı


Bu gün “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İmzalanan müqavilə bir il qüvvədə olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan tədbirdə media nümayəndələri də iştirak ediblər. Mərasimdə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə “Sumqayıt Şəhər” komandanın idman forması hədiyyə olunub. 

Tərəflər arasında müqavilə imzalandıqdan sonra klubun prezidenti Kamran Quliyev tədbir iştirakçılarını salamlayıb və açıqlama verib: “İlk növbədə bu tədbirə təşrif buyurduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün “Sumqayıt Şəhər” klubunun həyatında yeni səhifə açılır. Klubumuz ölkəmizdə böyük nüfuza malik olan “PAŞA  Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzaladı. Bizimlə bu yola qədəm qoyduqlarına görə “PAŞA Həyat”a öz təşəkkürümü bildirirəm. İmzalanan müqavilənin hər iki tərəfə xeyirli olmasını arzulayıram”.

Daha sonra “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov öz fikirlərini bildirib: “Sumqayıt Şəhər” klubu Azərbaycan futbol tarixinin gənc simalarındandır. “PAŞA Həyat” da səkkiz aydır fəaliyyət göstərir. Bu amili nəzərə alaraq iki gənc kollektivlə birlikdə yola çıxmağı qərara aldıq. Biz gənc olmağımıza baxmayaraq, “Sumqayıt Şəhər” klubu ilə birlikdə uğur qazanacağımıza inanırıq”.

Sonda “Sumqayıt Şəhər” və “PAŞA Həyat” sığorta şirkətinin rəhbərliyi media nümayəndələri ilə xatirə şəkli çəkdirib.