21/07/2012

“Sumqayıt” Futbol Klubu Türkiyədə ilk məşqinə çıxıb


2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu artıq Türkiyənin Nevşehir bölgəsinə gəlib. Komandamız səhər saatlarında “Avrasiya” otelinin meydançasında ilk məşqinə çıxıb. Bernhard Raabın komandasında zədəli futbolçu yoxdur.

Nəzərinizə çatdıraq ki, “Sumqayıt” FK növbəti futbolçunu heyətinə qatıb. Ötən mövsümü “İnter”in heyətində keçirmiş 1992-ci il təvəllüdlü qapıçı Anar Məhərrəmovla ilkin razılıq əldə olunub. Hazırda komandanın heyətində təlim-məşq toplanışında olan adıçəkilən qolkiper ölkəyə qayıtdıqdan sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Sumqayıt” FK Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə komandamız ilk olaraq “Kayseri Erciyespor”la üz-üzə gələcək. Komandamız iyulun 26-da isə “Ankaragücü” ilə qüvvəsini sınayacaq. Bernhard Raabın komandası son yoxlama oyununu iyulun 28-də Bank Asiya 1-ci liqaya vəsiqə qazanmış “1461 Trabzon” klubuna qarşı keçirəcək.