19/06/2012

Məhəmməd Əli Atam rəsmən “Sumqayıt”da


Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev, Səlahət Ağayev və Elçin Sadıqovun transferini reallaşdıran “Sumqayıt” Futbol Klubu növbəti futbolçu ilə masa arxasına əyləşib. 2011/2012 mövsümünü Superliqada mübarizə aparan “Sivasspor”da keçirmiş Azərbaycan əsilli Məhəmməd Əli Atam icarə əsasında klubumuzda forma geyinəcək. 24 yaşlı sağ cinah müdafiəçisi “Sumqayıt” FK ilə birillik müqavilə imzalayıb.

2004-cü ildə “Qalatasaray”ın əvəzedici komandası ilə peşəkar müqavilə imzalayan Məhəmməd Əli Atam 3 mövsüm “Cim-Bom”un şərəfini qoruyub (Son mövsüm 26 oyun, 4 qol). O, 2005-ci ildə Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandası ilə Avropa çempionluğunu qazanıb. Adıçəkilən futbolçu 2008-ci ildə “Qalatasaray”ın əsas komandası ilə 3 illik müqavilə imzalasa da, əsas heyətdə forma şansı qazana bilməyib. Ardınca Türkiyə 1-ci liqasında mübarizə aparan “Altay”, “Sarıyer”, və “Erzincanspor”da icarə əsasında çıxış edən Atam 2011-ci ildə “Sivasspor”la üçillik müqavilə imzalayıb (2 oyun, 1 qol).