12/06/2012

Elçin Sadıqov “Sumqayıt”da


Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev və Səlahət Ağayevi heyətinə qatan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Son mövsümü “Neftçi”nin heyətində keçirmiş Elçin Sadıqov klubumuzla 1+1 sistemi üzrə müqavilə imzalayıb.

“Ötən mövsümün sonunda “Neftçi”dən ayrılmağa qərar verdim. Paytaxt klubunda əsas heyətə düşə bilmirdim. Bu səbəbdən daim oynaya biləcəyim komandaya keçmək istəyirdim. “Sumqayıt” Futbol Klubundan təklif alan kimi dərhal danışıqlara başladım. Bu komandada özümü doğruldacağıma inanıram”,
- deyə Elçin Sadıqov açıqlama verib.

Vaxtilə U-17, U-19 və U-21-in şərəfini qorumuş 23 yaşlı Elçin Sadıqov “Sumqayıt” Futbol Klubunda 12 nömrəli formanı geyinəcək.