12/06/2012

Aqil Məmmədov Bernhard Raabın köməkçisi olacaq


“Sumqayıt” Futbol Klubunun məşqçilər korpusunda növbəti dəyişiklik edilib. Ötən mövsümün birinci dövrəsindən sonra futbolçu karyerasını rəsmən “Sumqayıt” Futbol Klubunda başa vuran Aqil Məmmədov dərhal əvəzedici komandada Vaqif Paşayevin köməkçisi kimi işə başlamışdı. 40 yaşlı mütəxəssis 2012/2013 mövsümündən etibarən “Sumqayıt” FK-da baş məşqçi Bernhard Raabın köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Aqil Məmmədovdan başqa Mehman Yunusov da əsas komandada köməkçi məşqçidir.

“Növbəti mövsümdən etibarən əsas komandada Bernhard Raabın köməkçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Əsas məqsədimiz “Sumqayıt” Futbol Klubunu daha üst pillələrə daşımaq olacaq. Növbəti mövsüm üçün olduqca döyüşkən heyət qurmuşuq. Gənclərlə təcrübəli futbolçuların tandemi xeyir verəcək. Artıq komandanın heyətində Samir Abasovdan başqa, Aftandil Hacıyev və Ceyhun Sultanov kimi təcrübəli futbolçular yer alır. Fərid Quliyev, Sabir Allahquliyev və Emin Cəfərquliyev də komandamıza xeyir verəcək. Növbəti mövsüm “Sumqayıt” bütün komandalarla başabaş mübarizə aparacaq. Sonda klubun rəhbərliyinə məni bu vəzifəyə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm”, - deyə Aqil Məmmədov klubun rəsmi saytına açıqlama verib.

Peşəkar karyerasına 1989-cu ildə Sumqayıtın “Xəzər” komandasında başlayan Aqil Məmmədov 1994-cü ildə Tovuzun “Turan” klubuna keçib. Adıçəkilən mütəxəssis futbolçu kimi hər iki komanda ilə Azərbaycan çempionatında gümüş medallara sahib çıxıb.

1996-1998-ci illər ərzində Sumqayıtın “Kimyaçı” klubunda çıxış edən Aqil 1997-1998-ci illər ərzində “Şəmkir”də ölkə çempionluğunu qazanıb. Karyerasının pik nöqtəsini 2003-2006-cı illər ərzində “Neftçi”də keçirmiş Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi “ağ-qaralar”la Premyer Liqa və ölkə kubokunu qazanıb. Aqil “Karvan” və “Standard”dan sonra “Sumqayıt”a qayıdıb.

Qeyd edək ki, Aqil Məmmədov Azərbaycan çempionatlarında ən çox forma geyinən 4-cü futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 364 dəfə meydana çıxıb.