11/06/2012

Mübariz Orucov “Sumqayıt” FK-da çalışacaq


Premyer Liqanın 2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu futbolçuların transferi ilə yanaşı məşqçi heyətini də müəyyənləşdirməkdə davam edir. 2011/2012 mövsümündə “Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmış Mübariz Orucov klubumuzla birillik müqavilə imzalayıb. Adıçəkilən mütəxəssis “Sumqayıt” FK-nun əvəzedici komandasında baş məşqçi Vaqif Paşayevin köməkçisi vəzifəsində çalışacaq.
Bundan başqa, “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raab növbəti mövsümdən etibarən klubun akademiyasının inkşafı üçün müəyyən layihələr həyata keçirəcək. Mübariz Orucov həm də, bu məqsədlə almaniyalı mütəxəssisin akademiya üzrə köməkçisi olacaq.

“Sumqayıt” Futbol Klubu ilə birillik müqavilə imzalamışam. Əvəzedicilərdə Vaqif Paşayevin köməkçisi kimi çalışıb əsas komanda üçün futbolçular hazırlayacağıq. Doğma şəhərimdə futbolun inkişafı üçün əlimdən gələni etməyə hazıram”, - deyə Mübariz Orucov klubun rəsmi saytına açıqlama verib.

Peşəkar karyerasına Sumqayıtın “Xəzər” komandasında başlayan Mübariz Orucov 1997-ci ildə Masallının “Viləş” klubuna keçib. “Viləş”lə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan 38 yaşlı mütəxəssis 1999-2001-ci illər ərzində “Şəmkir” Futbol Klubunda ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001-2006-cı illər ərzində “Qarabağ”ın şərəfini qorumuş Orucov Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatında bürünc medallara da sahib çıxıb. Onun futbolçu kimi sonuncu iş yeri isə “Karvan” olub (2006/2008 mövsümü, Premyer Liqa).

Mübariz Orucov futbolçu karyerasını başa vurduqdan sonra B kateqoriyalı məşqçi kurslarını uğurla başa vuraraq “Qarabağ”da məşqçilik fəaliyyətinə başlayıb. O, Ağdam klubunun U-15 komandasının baş məşqçisi kimi 2009/2010 mövsümünü “Kapital Bank U-15 Liqası”nın çempion kimi tamamlayıb. Onun rəhbərlik etdiyi “Qarabağ”ın U-17 komandası isə 2011/12 mövsümdə gümüş medallara sahib çıxıb. 
Qeyd edək ki, Mübariz Orucov Azərbaycan çempionatlarında ən çox forma geyinən 8-ci futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 311 dəfə meydana çıxıb.

Xatırladaq ki, siyahıda ilk pilləni 2011/12 mövsümünü “Sumqayıt”da keçirmiş və mövsümün sonunda karyerasını başa vurmuş Mahmud Qurbanov tutur (421 oyun).