08/06/2012

Səlahət Ağayev “Sumqayıt” FK ilə müqavilə imzaladı


Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov və Fərid Quliyevi heyətinə qatan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. 21 yaşadək futbolçulardan ibarət millimizin əsas qapıçısı Səlahət Ağayev 2012/2013 mövsümünü icarə əsasında klubumuzda keçirəcək. Son olaraq “İnter”də çıxış etmiş 21 yaşlı qolkiper “Sumqayıt”da 1 nömrəli formanı geyinəcək.

“Ötən mövsümün sonunda “İnter”in rəhbərliyi ilə danışığım olmuşdu. Hazırda 21 yaşındayam və daimi oynaya biləcəyim bir kluba keçmək istəyirdim. Paytaxt klubunun rəhbərliyinə minətdaram ki, məni başqa komandaya buraxmağa razılıq verdi. Sumqayıt böyük futbol ənənələri olan şəhərdir. “Sumqayıt” Futbol Klubunun rəhbərliyindən təklif alan kimi danışıqlara başladım. Gənclərdən qurulmuş bir komandada çıxış etmək mənim üçün çox xoş olacaq. İnşallah ümidləri doğruldub bu klubu yüksək pillələrə daşıyarıq. “Sumqayıt” növbəti mövsüm daha yüksək yerlər uğrunda mübarizə aparacaq”, - deyə Səlahət Ağayev klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, Səlahət Ağayev 2011/2012 mövsümündə “İnter”in heyətində Premyer Liqada 3 qarşılaşmada forma geyinib.