07/06/2012

Fərid Quliyev “Sumqayıt”da 86 nömrəli formanı geyinəcək


Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev və Ceyhun Sultanovu heyətinə qatan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Milli komandamızın üzvü, son olaraq “Neftçi”nin şərəfini qorumuş Fərid Quliyev klubumuzla 1+1 sistemi üzrə müqavilə imzalayıb.

“Sumqayıt” Futbol Klubu 2012/2013 mövsümündə özündən söz etdirməyi bacaracaq. Bu günə kimi etdiyi transferlər gələcək uğurlardan xəbər verir. Bu şəhər mənə olduqca doğmadır. “Standard”da oynayan zaman ev oyunlarımızı Sumqayıtda keçirirdik. İnşallah bu klubda uğurlu çıxış edib yenidən milli komandamızın heyətinə cəlb olunaram”, - deyə Fərid Quliyev açıqlama verib.

Qeyd edək ki, Fərid Quliyev “Sumqayıt”da 86 nömrəli futbol geyimində çıxış edəcək.

Futbolçu karyerasına “Bakı”da (26 oyun, 2 qol) başlayan Fərid Quliyev “Muğan” (13 oyun, 4 qol), “Standard” (28 oyun, 16 qol) və “Neftçi”nin (19 oyun, 4 qol) şərəfini qoruyub. O, həmçinin 5 dəfə Azərbaycan yığmasının formasını geyinib və rəqib qapılarından 1 top keçirib.