16/05/2012

Sumqayıtda “AccessBank Məktəbli Turniri” keçiriləcək


“AccessBank”ın sponsorluğu, “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt şəhərində “AccessBank Məktəbli Turniri” keçiriləcək. “AccessBank Məktəbli Turniri”ndə 2 yaş qrupu (1999-2000 və 2001-2002-ci il təvəllüdlü məktəblilər) mübarizə aparacaq. Turnirdə 48 məktəbin komandaları yarışacaq.

“AccessBank Məktəbli Turniri”ni keçirməkdə əsas məqsəd futbolun populyarlaşması istiqamətində Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərində futbolun təbliği, istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onları “Sumqayıt” Futbol Klubunun aşağı yaş qruplarına cəlb etmək və milli komandalar üçün gənc futbolçuları yetişdirməkdir.

Bununla əlaqədar olaraq, Sumqayıt şəhərində yerləşən 11 saylı orta məktəbin akt zalında Turnirin Təşkilat Komitəsi komandaların məşqçiləri ilə görüş keçirib və yarış barəsində ətraflı məlumat verilib. Sonda turnirin afişası və rəsmi proqramı təqdim olunub.

Mayın 22-də “AccessBank Məktəbli Turniri”nin püşkatma mərasimi keçiriləcək.