10/05/2012

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş turnirə yekun vurulub


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş dövlət və özəl müəssisələr arasında təşkil olunmuş mini-futbol turnirinə yekun vurulub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yardımçı meydançasında əvvəlcə meydana 13-cü mikrorayonun komandası ilə Yeni Azərbaycan Partiyasının komandası çıxıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə YAP 4:2 hesabı ilə qələbə qazanaraq 3-cü pilləni tutub.

Həlledici qarşılaşmada isə 10-cu mikrorayonun komandası 17-ci mikrorayonun komandasını penalti zərbələri ilə üstələyərək çempion olub.

Mükafatlandırma mərasimində “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Vaqif Ömərov, Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev, 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, Sumqayıt Tarix Muzeyinin direktoru Olqa İsmayılova, Sumqayıt Şəhər Yeni Azərbaycan Partiyasının sədri Asif İmanəliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri Mətanət Məhərrəmova iştirak edib.

Qaliblərə kubok, diplom və pul mükafatı təqdim olunub. Turnirin çempionu adını qazanmış 10-cu mikrorayonun komandasına isə “Sumqayıt” Futbol Klubunun xüsusi hədiyyəsi verilib.