17/05/2020

"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar


İLK QOLU EŞQİN QULİYEV VURUB, İLK EV OYUNUNDA 8 MİN AZARKEŞ

2010-cu ildə yaradılmış “Sumqayıt” Futbol Klubu bu il 10-cu ildönümünü qeyd edir. 10 illik tariximiz ərzində maraqlı faktları diqqətinizə çatdırırıq.

İlk olaraq, 2010/2011 mövsümündən etibarən 1-ci divizionda çıxış edən “Sumqayıt” FK bir il sonra Azərbaycan Premyer Liqasına yüksəlib. 2011/2012 mövsümünün ilk yarısını “Sumqayıt Şəhər” PFK adı altında mübarizə aparan komandamız 2012-ci ilin yanvarından etibarən Premyer Liqada “Sumqayıt” FK adı altında yarışıb.

2010-cu ildə 1-ci divizionda çıxış edən klubumuza Baba Əsgərov rəhbərlik edib. 2011/2012 mövsümündən etibarən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nı yüksək liqada ilk çalışdıran məşqçi isə almaniyalı mütəxəssis Bernhard Raab olub.

“Sumqayıt” FK Premyer Liqada ilk oyununu 06.08.2011-ci ildə səfərdə “Xəzər Lənkəran”a qarşı keçirib. Həmin qarşılaşmada 1:2 hesablı məğlub olan komandamızın yeganə qolunun müəllifi Eşqin Quliyev olub. Adıçəkilən futbolçu qarşılaşmanın 84-cü dəqiqəsində Kamran Ağayevin qoruduğu çərçivəyə yol taparaq klubumuzun tarixinə Premyer Liqada ilk qolun müəllifi kimi düşüb. Sumqayıt şəhərinə böyük futbolun qayıdışı isə 14.08.2011-ci ilə təsadüf edib.

Qeyd edək ki, “Sumqayıt” FK-nın ilk kapitanı isə sabiq baş məşqçimiz Samir Abasov olub. 3 mövsüm klubumuzun uğurları üçün çalışmış Abasov komandamızın heyətində ümumilikdə 82 qarşılaşmada meydana çıxıb.

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən komandamız ilk oyununu həmin tarixdə “Qəbələ”yə qarşı keçirib. Bu qarşılaşmadan da eyni hesablı məğlubiyyətlə ayrılan komandamızın yeganə qolunun müəllifi Orxan Əliyev olub. Məhz “Sumqayıt” – “Qəbələ” oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan təxminən 8 min azarkeş izləyib.


İLK XAL “QARABAĞ”LA MATÇDA, İLK QƏLƏBƏ İSƏ AZAL ÜZƏRİNDƏ QAZANILIB

2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK ilk xalını elə həmin mövsümün 5-ci turunda qazanıb. Belə ki, 11.09.2011-ci ildə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” - “Qarabağ” görüşündə hesab açılmayıb. Bu heç-heçə Bernhard Raabın rəhbərlik etdiyi komandanın Premyer Liqa tarixində qazandığı ilk xal kimi tarixə düşüb.

“Sumqayıt” FK-nın ilk qələbəsi isə həmin mövsümün 11-ci turuna təsadüf edib. 30.10.2011-ci ildə doğma arenada AZAL-ı qəbul edən “Sumqayıt” FK 2:1 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada komandamızın qollarını Samir Abdulov və Eldar Məmmədov vurub.

“Sumqayıt” FK-nın ilk səfər qələbəsi isə 05.11.2011-ci ilə təsadüf edib. Belə ki, həmin mövsüm “Qarabağ”la matçda ilk xalını qazanan komandamızın ilk səfər qələbəsi də Ağdam təmsilçisinə qarşı olub. Quzanlı Olimpiya Kompleksinin stadionunda baş tutan görüşdə “Sumqayıt” FK 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda Kamil Nurəhmədov və Murad Səttarlı fərqlənib.


ƏN BÖYÜKHESABLI QƏLƏBƏMİZ “TURAN” ÜZƏRİNDƏ OLUB

“Sumqayıt” FK-nın Premyer Liqada ən böyükhesablı qələbəsi 11.03.2013-cü ildə olub. Həmin tarixdə Tovuzun “Turan” komandası ilə qarşılaşan komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun müəyyən səbəblərə görə təmirdə olduğu üçün rəqibini “Bayıl Arena”da qəbul edib. Qarşılaşma 4:0 hesabı ilə “Sumqayıt”ın qələbəsi ilə yekunlaşıb. Bu oyunda vurulan 4 qolun hamısının müəllifi Pərdis Fərcad-Azad olub. Hazırda Almaniyada top qovan Azərbaycan əsilli futbolçu klubumuzun tarixində ilk və son poker edən futbolçu kimi tarixə düşüb. Pərdis bundan başqa, klubumuzun tarixində ən çox qol vurmuş ikinci futbolçu kimi də diqqət mərkəzindədir. O, “Sumqayıt” FK-nın heyətində ümumilikdə 22 qol vurub. Pərdis bu göstərici ilə yalnız hazırda komandamızda top qovan Amil Yunanovdan geri qalır.

“Sumqayıt” FK-nın 10 illik tarixi ərzində ən böyükhesablı məğlubiyyəti isə 17.12.2012-ci ilə təsadüf edib. Həmin tarixdə komandamız “Bakcell Arena”da “Neftçi”yə 1:8 hesabı ilə məğlub olub.


ƏN SƏRRAST FUTBOLÇUMUZ AMİL YUNANOVDUR

2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nın ən sərrast futbolçusu Amil Yunanovdur. Klubumuzun tarixində ümumilikdə 91 oyuna çıxmış 27 yaşlı futbolçu 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur. Klubumuzun tarixində iki ən çox qol vuran futbolçular isə Pərdis Fərcad-Azad (22 qol) və Məhəmməd Qurbanovdur (20 qol).

Qeyd edək ki, bu günə qədər Premyer Liqada komandamızı 5 baş məşqçi çalışdırıb. 2011-2013-cü illərdə Berhard Raab, 2013-2015-ci illərdə Aqil Məmmədov, 2015-2018-ci illərdə Samir Abasov, 2018-19 mövsümünün 11-ci turunadək Nazim Süleymanov və hazırda komandamızın sükanı arxasında olan Ayxan Abbasov.


ƏN ÇOX OYUNU KAPİTAN KEÇİRİB

“Sumqayıt” FK-nın 10 illik tarixi ərzində komandamızın heyətində ən çox 10 oyun keçirmiş futbolçu haqqında məlumat verəcəyik. Belə ki, 2013-cü ildən komandamızın şərəfini qoruyan Vurğun Hüseynov siyahıya başçılıq edir. Kapitanımız ümumilikdə “Sumqayıt” FK-nın heyətində 164 oyun keçirib. Ondan 4 oyun az keçirən, hazırda “Zirə”də çıxış edən Bəxtiyar Həsənalızadə (160 oyun) bu siyahıda 2-ci və hazırda “Keşlə”nin kapitan sarğısını daşıyan Slavik Alxasov (128 oyun) isə üçüncüdür. “İlk onluq”da yer alan və hazırda komandamızın şərəfini qoruyan digər futbolçu isə klubumuzun yetirməsi Xəyal Nəcəfovdur. Adıçəkilən futbolçu 79 matçla bu siyahıda 9-cudur.

“Sumqayıt” FK-nın heyətində 10 illik tarix ərzində ən çox oyun keçirmiş futbolçunun siyahısını Sizə təqdim edirik:
1. Vurğun Hüseynov – 164
2. Bəxtiyar Həsənalızadə - 160
3. Slavik Alxasov – 128
4. Amil Yunanov – 91
5. Aleksandr Çertoqanov – 85
6. Pərdis Fərcad-Azad – 84
7. Samir Abasov – 82
8. Murad Ağayev – 81
9. Xəyal Nəcəfov – 79
10. Uğur Pamuk – 78


10 İLƏ ÜMUMİLİKDƏ 12 QAPIÇI, SİYAHIYA POPOVİÇ BAŞÇILIQ EDİR

“Sumqayıt” FK-nın əsas komandasında 10 illik tarix ərzində ümumilikdə 12 qapıçının xidmətindən istifadə edilib. Bu illər ərzində komandamızın heyətində ən çox oyun keçirmiş qapıçı, milli komandamızın da üzvü olmuş Andrey Popoviçdir. 2011/12 və 2014/15 mövsümləri ərzində “Sumqayıt” FK-da çıxış etmiş 28 yaşlı qolkiper ümumilikdə 59 oyunda meydanda olub. Xatırladaq ki, sabiq qolkiperimiz hazırda Ukraynanın “Minay” komandasında çıxış edir.

Popoviçdən 8 oyun az keçirmiş Fərhad Vəliyev (51 oyun) bu siyahıda ikinci, hazırda komandamızın şərəfini qoruyan Mehdi Cənnətov isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, 2016/17 mövsümünün ikinci yarısında “Anji”dən komandamıza transfer olunan Cənnətov indiyə qədər “Sumqayıt” FK-nın heyətində 45 oyuna çıxıb.

Nəzərinizə çatdıraq ki, siyahıda yer alan 12 qapıçıdan üçü - Fərhad Vəliyev, Elçin Sadıqov və Sahil Kərimov artıq karyeralarını başa vurub.

Andrey Popoviç – 59
Fərhad Vəliyev – 51
Mehdi Cənnətov – 45
Səlahət Ağayev – 38
Şahrudin Məhəmmədəliyev – 33
Anar Nəzirov – 17
Tərlan Əhmədli – 11
Elçin Sadıqov – 8
Rəşad Əzizli – 7
Sahil Kərimov – 4
Anar Məhərrəmov – 2
Aydın Bayramov – 1


BİLİRDİNİZMİ?

“Sumqayıt” FK-nın tarixində meydana çıxmış ən gənc futbolçu Orxan Əliyev olub. 1995-ci il doğumlu futbolçumuz 15 yaşında klubumuzun formasını geyinib. Əliyev həm də klubumuzun heyətində qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb. Klubumuzun heyətində çıxış etmiş ən yaşlı futbolçu isə Aqil Məmmədov olub. 2012-2013-cü illər ərzində “Sumqayıt” FK-nın şərəfini qorumuş Məmmədov 40 yaşında karyerasını başa vurub. O, həmçinin 2013-2015-ci illər ərzində komandamızın baş məşqçisi olub.

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” FK ilk zamanlarda rəqiblərini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edirdi.
2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən inşası başlanılan “Kapital Bank Arena” 2013-cü ildə istifadəyə verilib. 20.10.2013-cü il tarixində ilk Premyer Liqa oyununa şahidlik edən idman qurğusunun azarkeş tutumu 1326 nəfərdir.

MAHMUD QURBANOV, ASLAN KƏRİMOV VƏ BAŞQA MƏŞHUR SİMALARIN SONUNCU KLUBLARININ “SUMQAYIT” OLDUĞUNU BİLİRDİNİZMİ?

Bu dəfə sizə karyerasını “Sumqayıt” FK-da bitirmiş ölkəmizin aparıcı simaları barəsində danışacağıq.

İlk olaraq, 2011/12 mövsümündə komandamızda çıxış etmiş, ölkəmizin ən titullu futbolçularından biri olmuş Mahmud Qurbanovdan danışaq. Həmin mövsüm “Kəpəz”dən transfer olunmuş adıçəkilən futbolçu klubumuzun heyətində ümumilikdə 16 oyunda meydana çıxıb və 4 qol ötürməsi ilə yadda qalıb. Elə həmin mövsüm “Sumqayıt” FK-da futbolçu karyerasını rəsmən bitirən və hazırda “Neftçi-2”nin baş məşqçisi olan Mahmud Qurbanov Premyer Liqa tarixinin də ən çox oyun keçirmiş futbolçudur (421 oyun).

2011/12 mövsümündə karyerasını məhz “Sumqayıt”da bitirmiş futbolçulardan biri də Aqil Məmmədovdur. Uzun illər Sumqayıt futboluna xidmət etmiş adıçəkilən şəxs klubumuzun heyətində 3 oyunda meydana çıxıb. Qeyd edək ki, həmin mövsüm karyerasını bitirdikdən sonra “Sumqayıt” FK-da köməkçi məşqçi kimi çalışmış Məmmədov daha sonra baş məşqçi olub.

Həmin mövsüm karyerasını “Sumqayıt” FK-da bitirmiş daha bir futbolçu Sahil Kərimovdur. Komandamızın heyətində 4 oyun keçirmiş adıçəkilən qapıçı hazırda “Qəbələ” Futbol Akademiyasında çalışır.

Bir maraqlı faktı da diqqətinizə çatdıraq ki, Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovun da futbolçu kimi son klubu məhz “Sumqayıt” FK olub. 2011/2012 mövsümündə oynayan məşqçi (Berhard Raabın köməkçisi) olan Kərimov klubumuzun heyətində rəsmi olaraq heç bir oyuna çıxmayıb.

2012/2013 mövsümündə klubumuzun heyətində 17 oyunda (1 qol) çıxış etmiş Aftandil Hacıyevin də son klubu “Sumqayıt” olub. Milli komandamızın sabiq futbolçusu olmuş Hacıyev hazırda Premyer Liqa təmsilçisi olan “Səbail” klubunun baş məşqçisidir.

2013/2014 mövsümündə isə 2 məşhur sima futbolçu karyerasını məhz “Sumqayıt” FK-da bitirib. Belə ki, komandamızın heyətində 82 oyunda meydana çıxmış sabiq baş məşqçimiz Samir Abasov və klubumuzun heyətində 2 oyun keçirmiş və hazırda “Zirə”nin sükanı arxasında olan Zaur Həşimovdur. Nəzərinizə çatdıraq ki, uzun illər Azərbaycan futboluna xidmət etmiş Samir Abasov “Sumqayıt” FK-nın tarixində 7-ci ən çox oyun keçirmiş futbolçudur (82 oyun).

Bundan başqa, “Sumqayıt” FK-nın heyətində 85 oyun keçirmiş milli komandamızın sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov da məhz karyerasını “Sumqayıt” FK-da bitirib. 2015/2016 mövsümündə futbolla vidalaşan adıçəkilən futbolçumuz hazırda Ukraynada yaşayır. Qeyd edək ki, Çertoqanov “Sumqayıt” FK-nın tarixində 5-ci ən çox oyun keçirmiş futbolçudur.

2016/2017 mövsümdə “Qarabağ”dan doğma şəhəri Sumqayıta qayıdan Fərhad Vəliyevin də son klubu məhz “Sumqayıt” FK olub. Hazırda “Səbail” klubunda qapıçılar üzrə məşqçi kimi çalışan Vəliyev klubumuzun heyətində 51 qarşılaşmada meydana çıxıb.

2017/2018 mövsümündə karyerasını komandamızda bitirən bir digər futbolçu isə Elnur Abdullayevdir. Həmin mövsümün ikinci yarısında "Keşlə"ni "Sumqayıt" FK-ya dəyişən təcrübəli yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirib. Onu da nəzərinizə çatdıraq ki, komandamızda "77" nömrəli formanı geyinmiş Elnur Abdullayev 8 oyunda ümumilikdə 215 dəqiqə iştirak edib.

Sizə bəhs edəcəyimiz sonuncu futbolçu isə Arif Daşdəmirovdur. Azərbaycan millisinin sabiq müdafiəçisi ötən mövsümün sonunda karyerasını bitirdi. Qeyd edək ki, Daşdəmirov “Sumqayıt” FK-nın heyətində Premyer Liqada 24 qarşılaşmada meydana çıxıb.