17/04/2020

"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №7


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk. Bu gün Sizə karyerasını “Sumqayıt” FK-da bitirmiş ölkəmizin aparıcı simaları barəsində danışacağıq.

İlk olaraq, 2011/12 mövsümündə komandamızda çıxış etmiş, ölkəmizin ən titullu futbolçularından biri olmuş Mahmud Qurbanovdan danışaq. Həmin mövsüm “Kəpəz”dən transfer olunmuş adıçəkilən futbolçu klubumuzun heyətində ümumilikdə 16 oyunda meydana çıxıb və 4 qol ötürməsi ilə yadda qalıb. Elə həmin mövsüm “Sumqayıt” FK-da futbolçu karyerasını rəsmən bitirən və hazırda “Neftçi-2”nin baş məşqçisi olan Mahmud Qurbanov Premyer Liqa tarixinin də ən çox oyun keçirmiş futbolçudur (421 oyun).

2011/12 mövsümündə karyerasını məhz “Sumqayıt”da bitirmiş futbolçulardan biri də Aqil Məmmədovdur. Uzun illər Sumqayıt futboluna xidmət etmiş adıçəkilən şəxs klubumuzun heyətində 3 oyunda meydana çıxıb. Qeyd edək ki, həmin mövsüm karyerasını bitirdikdən sonra “Sumqayıt” FK-da köməkçi məşqçi kimi çalışmış Məmmədov daha sonra baş məşqçi olub.

Həmin mövsüm karyerasını “Sumqayıt” FK-da bitirmiş daha bir futbolçu Sahil Kərimovdur. Komandamızın heyətində 4 oyun keçirmiş adıçəkilən qapıçı hazırda “Qəbələ” Futbol Akademiyasında çalışır.

Bir maraqlı faktı da diqqətinizə çatdıraq ki, Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovun da futbolçu kimi son klubu məhz “Sumqayıt” FK olub. 2011/2012 mövsümündə oynayan məşqçi (Berhard Raabın köməkçisi) olan Kərimov klubumuzun heyətində rəsmi olaraq heç bir oyuna çıxmayıb.

2012/2013 mövsümündə klubumuzun heyətində 17 oyunda (1 qol) çıxış etmiş Aftandil Hacıyevin də son klubu “Sumqayıt” olub. Milli komandamızın sabiq futbolçusu olmuş Hacıyev hazırda Premyer Liqa təmsilçisi olan “Səbail” klubunun baş məşqçisidir.

2013/2014 mövsümündə isə 2 məşhur sima futbolçu karyerasını məhz “Sumqayıt” FK-da bitirib. Belə ki, komandamızın heyətində 82 oyunda meydana çıxmış sabiq baş məşqçimiz Samir Abasov və klubumuzun heyətində 2 oyun keçirmiş və hazırda “Zirə”nin sükanı arxasında olan Zaur Həşimovdur. Nəzərinizə çatdıraq ki, uzun illər Azərbaycan futboluna xidmət etmiş Samir Abasov “Sumqayıt” FK-nın tarixində 7-ci ən çox oyun keçirmiş futbolçudur (82 oyun).

Bundan başqa, “Sumqayıt” FK-nın heyətində 85 oyun keçirmiş milli komandamızın sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov da məhz karyerasını “Sumqayıt” FK-da bitirib. 2015/2016 mövsümündə futbolla vidalaşan adıçəkilən futbolçumuz hazırda Ukraynada yaşayır. Qeyd edək ki, Çertoqanov “Sumqayıt” FK-nın tarixində 5-ci ən çox oyun keçirmiş futbolçudur.

2016/2017 mövsümdə “Qarabağ”dan doğma şəhəri Sumqayıta qayıdan Fərhad Vəliyevin də son klubu məhz “Sumqayıt” FK olub. Hazırda “Səbail” klubunda qapıçılar üzrə məşqçi kimi çalışan Vəliyev 2017/2018 mövsümündə karyerasını bitirənə qədər klubumuzun heyətində 51 qarşılaşmada meydana çıxıb.

2017/2018 mövsümündə karyerasını komandamızda bitirən bir digər futbolçu isə Elnur Abdullayevdir. Həmin mövsümün ikinci yarısında "Keşlə"ni "Sumqayıt" FK-ya dəyişən təcrübəli yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirib. Onu da nəzərinizə çatdıraq ki, komandamızda "77" nömrəli formanı geyinmiş Elnur Abdullayev 8 oyunda ümumilikdə 215 dəqiqə iştirak edib.

Sizə bəhs edəcəyimiz sonuncu futbolçu isə Arif Daşdəmirovdur. Azərbaycan millisinin sabiq müdafiəçisi ötən mövsümün sonunda karyerasını bitirdi. Qeyd edək ki, Daşdəmirov “Sumqayıt” FK-nın heyətində Premyer Liqada 24 qarşılaşmada meydana çıxıb.