05/09/2011

Ramil Həşimzadə: “Sumqayıt Şəhər”lə uğur qazanmaq istəyirəm”


Ötən tur “İnter”i məğlub edərək əvəzedicilərin çempionatında ilk qələbəsini qazanan “Sumqayıt Şəhər” növbəti turda “Qarabağ”ı qəbul edəcək. Bu oyunda da qələbəyə köklənən əvəzedici komandanın kapitanı Ramil Həşimzadə klubun rəsmi internet səhifəsinə müsahibə verib.

- Futbola gəlişin necə olub?
- Bu idman növü ilə uşaq yaşlarımdan maraqlanıram. 12 yaşım olarkən futbola yazılmışam. İlk məşqçim isə Fuad müəllim olub. Daha sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Ağamusa Bağırovun rəhbərliyi ilə məşq etmişəm. Çıxış etdiyim ilk pəşəkar klub isə “Standard” olub. Adıçəkilən klubun əvəzedici komandasında oynamışam. “Standard”dan sonra “Qarabağ”ın əvəzedici komandasına keçmişəm. Ötən mövsümü isə I divizionda “Sumqayıt”da keçirmişəm. Bir qol vurmuşam ki, o da, “Karvan”la oyuna təsadüf edib.

- “Sumqayıt Şəhər”in əvəzedici komandasının ilk üç turda məğlub olmasının əsas səbəbi nə idi?
- Klubumuz bildiyiniz kimi yeni yaranıb. İlk günlər bəzi problemlərlə qarşı-qarşıya qalmışdıq. Heyətin formalaşması baxımından da, çətinliklərimiz kifayət qədər idi. Açığı, biz “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi” ilə oyunlarda məğlubiyyətə layiq deyildik. Hər üç qarşılaşmada qələbə qazanmaq üçün kifayət qədər qol imkanları yaratmışdıq. Həmin matçlarda bəxt bizdən üz döndərmişdi. “İnter”lə oyunda isə əsas komandanın bəzi futbolçuları da heyətdə yer almışdı. Yaxşı futbol nümayiş etdirdik və qələbə qazandıq. Sumqayıtda futbolu çox sevirlər. Hamı bizdən qələbə gözləyir. İnşallah tezliklə turnir cədvəlinin üst pillələrinə yüksələcəyik.

- Bu həftə “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşacaqsınız. Bu oyun barəsində nə deyə bilərsən?
- Rəqibdən aslı olmayaraq, bütün oyunlarda meydana qələbə üçün çıxırıq. “İnter”lə qarşılaşmada əldə etdiyimiz üç xal bizə əlavə stimul verəcək. “Qarabağ”la qarşılaşmada da qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.

- “İnter”lə oyundan sonra əsas komandanın baş məşqçisi Bernhard Raab səni əsas heyətlə məşq etməyə çağırmışdı...
- Bəli. “İnter”lə oyundan sonra əsas komandanın baş məşqçisi Bernhard Raab məni əsas komandaya dəvət etdi. 3 gün əsas heyətlə məşq keçdim. Mahmud Qurbanov, Aqil Məmmədov, Samir Abbasov kimi veteran futbolçularla bir komandada məşq etmək çox gözəl hissdir. Hər məşqdə onlardan və məşqçilər heyətindən nəsə öyrənməyə çalışırdım. Əsas məqsədim “Sumqayıt Şəhər”lə uğur qazanmaqdır.