07/04/2019

"Sumqayıt" Futzal Məktəbinin açılış mərasimi keçirilib


Məlumat verdiyimiz kimi “Sumqayıt” Futzal Məktəbinin açılışı olub. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində təxminən 60-a yaxın gənc futzalçı iştirak edib. Tədbirdə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri Abdulla Məmmədov, Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva, millinin üzvləri Rizvan Fərzəliyev və Vitali Borisov iştirak edib.
Tədbiri giriş sözləri ilə açan Riad Rəfiyev “Sumqayıt” Futbol Akademiyasının yeni mərhələyə qədəm qoyduğunu açıqlayıb. Premyer Liqa komandaları arasında ilk futzal məktəbinin məhz “Sumqayıt” Futbol Klubu tərəfindən yaradıldığını deyən Rəfiyev futzal məktəbi ilə yanaşı uşaq futbolunun inkişafı üçün bir sıra layihələrin həyata keçiriləcəyini də vurğulayıb.
Daha sonra isə Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov fikirlərini bildirib. Hümbətov Sumqayıtın idman və idmançılar şəhəri olduğunu, bu şəhərdə idmanın hər bir növünə marağın olduğunu, belə layihələrin “Sumqayıt” Futbol Klubu tərəfindən şəhərimizdə təşkil olunmasını alqışladığını söyləyib.
Rəsmi hissə yekunlaşdıqdan sonra tədbirə təşrif buyurmuş qonaqlar “Sumqayıt” Futzal Məktəbinin məşqini izləyib.