29/03/2019

Sumqayıt şəhər yığması Respublika birinciliyinin qalibi olub


2008-2009 təvəllüdlü oğlanlar arasında keçirilən futbol üzrə Respublika birinciliyinə yekun vurulub. “Sumqayıt” Futbol Klubunun U-11 komandasının üzvləri – Emil Həsənov, Tunar Kərimov, Həsən Həşimov və Əli Cəfərovun da yer aldığı şəhər yığması adıçəkilən turnirin qalibi olub. Qeyd edək ki, Sumqayıt şəhər yığması zona yarışlarında Şamaxını 6:0, Şabranı 2:0, Xızını isə 3:0 hesabı ilə üstələyib. Final mərhələsində A qrupunda yer alan Ağamusa Bağırovun yetirmələri Şəkini 2:0, Salyanı 5:2 və Cəlilabadı 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Şabranı 5:1-lik hesabla üstələyən Sumqayıt şəhər yığması finalda isə Oğuza 4:2 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxıb.

Bununla əlaqədar olaraq, bu gün “Kapital Bank Arena”nın mətbuat konfransı zalında qaliblərlə görüş keçirilib. Görüşdə “Sumqayıt” Futbol Klubunun Prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Riad Rəfiyev və Elgün Hümbətov çempionluq münasibəti ilə qalibləri təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən diplom, medallar və çempionluq kuboku ilə təltif edilib.

Yekunda xatirə şəkli çəkdirilib.