27/08/2011

Rəşad Kərimov: “Hamı yaxşı başa düşür ki, bizim zamana ehtiyacımız var”


“Sumqayıt Şəhər” sentyabrın 11-də Unibank Premyer Liqası çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Ötən mövsüm Ağdam klubunun şərəfini qorumuş, hazırda doğma şəhərinin komandasında çıxış edən Rəşad Kərimov klubun rəsmi saytına müsahibə verib.

- “Sumqayıt Şəhər”in mövsümə startı barəsində nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, “Sumqayıt Şəhər” klubu Premyer Liqanın startına 15-20 gün qalmış yaranıb. Heyətdə problemlərin olacağını hamımız bilirdik. Püşk də bizim üçün ürəkaçan olmadı. İlk beş turda çətin rəqiblərlə qarşılaşmalı olduq. Çətinliklərə baxmayaraq, “Xəzər Lənkəran” və “Qəbələ” ilə qarşılaşmalarda komanda əzmkar oyun nümayiş etdirdi. Hər iki matçdan xal ala bilərdik. “Neftçi” digər komandalardan fərqli olaraq bizi rəqib kimi qiymətləndirdi. Həmin qarşılaşmada komanda pis oynadı. “Ağ-qaralar” hər cəhətdən bizi üstələdi. 

- Cari mövsümdə klubun qarşısına qoyulan əsas vəzifə nədən ibarətdir?
- Bir az əvvəl qeyd etdiyim kimi yeni yaranmış bir kollektivik. Komandanın formalaşması üçün zamana ehtiyacımız var. İnşallah tezliklə uğursuzluq zolağından çıxarıq. Yaxın turlarda azarkeşlərimizi sevindirəcəyimizə inanırıq. Qaldı ki, qarşıya qoyulan vəzifəyə, bacardığımız qədər mövsümü autsayderlər sırasında bitirməməyə çalışacağıq.

- “Sumqayıt Şəhər”in Premyer Liqaya tam şəkildə hazır olması üçün nə qədər zamana ehtiyacı var?
- Gənc kollektivimiz var. Sıfırdan bir işə başlamışıq. Hamı yaxşı başa düşür ki, bizim zamana ehtiyacımız var. İnşallah gələn mövsüm bu komanda ilə yüksək yerlər uğrunda döyüşə bilərik. 

- Növbəti turda doğma azarkeşlər qarşısında “Qarabağ”la üz-üzə gələcəksiniz. Ötən mövsüm Ağdam klubunun formasını geyindiyiniz üçün sabiq klubuna qarşı oynayacaqsınız. Hansı hissləri keçirirsiniz?
- “Qarabağ” Azərbaycan futbolunun ən güclü klubları sırasındadır. Ağdam klubu son illərdə Avropada uğurlu çıxışı ilə azarkeşlərin sevimlisinə çevirilib. “Qarabağ”da bir il yarım futbol oynamışam və buna görə çox xoşbəxtəm. Lakin indi “Sumqayıt Şəhər”in futbolçusuyam və peşəkar kimi çıxıb meydanda döyüşməyə hazıram. Oyun bizim üçün çətin keçəcək, amma biz də meydana məğlub olmaq üçün çıxmırıq.

- Bu qarşılaşmadan hansı nəticəni gözləyirsiniz?
- Biz rəqibdən çəkinmirik. Meydana yalnız qələbə üçün çıxacağıq. İnşallah azarkeşlərimiz də sona qədər bizi dəstəkləyəcək.