03/03/2012

“Sumqayıt” “Xəzər Lənkəran”la qarşılaşıb


“Sumqayıt” Unibank Premyer Liqasının XXII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Xəzər Lənkəran”ı qəbul edib. Qonaqlar Eder Bonfim, Andrey Mureşan və Katalin Domanın qolları sayəsində qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, qarşılaşma "Sumqayıt" Futbol Klubunun "internet televiziyası" ilə canlı yayımlanıb.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “Liqada ən individual komandaya qarşı oynadıq. İlk dəqiqələrdən bilinirdi ki, rəqibimiz ilk altılığa, biz isə ikinci altılığa oynayırıq. İkinci qoldan sonra artıq hər şey müəyyən oldu. Futbolçularıma tapşırmışdım ki, oyun boyu mübarizə apararaq “Xəzər Lənkəran”a çətinlik yaratsınlar, ancaq, bu bizdə alınmadı. Oyunun nəticəsi ilə razıyam. İki qolu səhvlərimiz nəticəsində buraxdıq. Mövqe səhvlərimiz var idi. “Xəzər Lənkəran” yaxşı komandadır. Birinci yerə böyük şansı var”.

Cüneyt Biçer (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Həmkarımı gənc, mübariz komanda yaratdığı üçün təbrik edirəm. Bu qədər gənc futbolçunu bir yerə toplayıb gözəl komanda yaratmaq o qədər də asan məsələ deyil. Meydanın pis olması hər iki komandanın oyununa mənfi təsir etdi. Oyunun əvvəlində bir qədər çətinlik çəkdik. İlk qoldan sonra oyunumuz daha yaxşı alındı. İkinci qoldan sonra isə bir az rahat oynadıq. Üç xalı üç qolla qazanmağımız xoş oldu”.