02/03/2012

“Sumqayıt” Futbol Klubunun “internet televiziyası” fəaliyyətə başladı


“Sumqayıt” Futbol Klubu yeni layihə həyata keçirib. Bundan sonra klubun “internet televiziyası” (tv.sfc.az) fəaliyyət göstərəcək. Sayt ölkə Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarının yerinə yetirilməsi məqsədi ilə yaradılıb. Klubun rəsmi saytının nəzdində fəaliyyət göstərəcək media portal klubun əsas və əvəzedici komandalarının ev oyunlarını canlı yayımlayacaq.

Bundan başqa, aşağı yaş qruplarının görüşlərindən videoçarxlar, “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi tədbirləri əks etdirən görüntülər, məşqçilərin, futbolçuların, rəsmi şəxslərin və görkəmli idman xadimlərinin müsahibələri yerləşdiriləcək. Futbol dərsləri və futbolçularımız haqqında geniş görüntülər də saytda öz əksini tapacaq.

Artıq tv.sfc.az saytında ilk olaraq, “Sumqayıt” Futbol Klubunun sabah Unibank Premyer Liqasının XXII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Xəzər Lənkəran”la oyunu canlı yayımlanacaq.