30/06/2018

20 iyun tarixində start götürən "Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil edilmiş "Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin yaxşı təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği və futbolun kütləviliyinin artırmaqdır. 20 iyun tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə davam edib. Layihənin son günündə bütün iştirakçılar mükafatlandırılıb. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə “Sumqayıt” Futbol Akademiyasının baş koordinatoru Aqil Məmmədov, seleksiya üzrə məşqçi Ağamusa Bağırov, futbol veteranı Telman Salahov və məşqçi heyəti iştirak edib. Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 400-dən çox məktəbli bu seminarın iştirakçısı olub.