27/02/2012

“Sumqayıt” hazırlığını davam etdirir


Premyer Liqanın XXII turu çərçivəsində doğma azarkeşləri qarşısında “Xəzər Lənkəran”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu hazırlığını “Şəfa” stadionunda davam etdirir. Əvəzedici komandanın 7 üzvü – Rəşad Hüseynov, Bəxtiyar Həsənalızadə, Niyaz Həsənov, Təbriz Mütəllimov, Ayaz Mehdiyev, Əbülfət Abbasov və Aydın Qasımov əsas komanda ilə məşq keçir.

“Neftçi” ilə qarşılaşmada zədələnən kapitan Samir Abasov artıq tam sağalıb. Abasovdan başqa, bərpa kursunu başa vuran qapıçı Emil Balayev isə yüngül məşqlərlə kifayətlənir. “Sumqayıt” sabah səhər trenajor zalında hazırlaşacaq.
Qeyd edək ki, A milliyə çağırılan 3 futbolçu – Andriy Popoviç, Bədavi Hüseynov, Hacı Əhmədov və U-21-in düşərgəsinə yollanan Ruslan Tağızadə, Tərlan Quliyev, Abdulla Abatsiyev, Kamil Nurəhmədov, Eşqin Quliyev, Emin Mustafayev və Orxan Həsənov isə məşqlərə nisbətən gec qatılacaq.