01/06/2018

"Futbol və Sağlam Həyat" layihəsi başa çatıb


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş və iki həftə müddətində davam etmiş "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb. Layihənin son mərhələsi 16 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblə yanaşı FİTİM, 8, 18 və 38 nömrəli məktəbin şagirdləri iştirak edib.

Tədbirdə "Sumqayıt" FK-nın akademiyasının məşqçiləri Elşad Eyvazov, Sabir Əliyev və bu yaxınlarda Azərbaycan çempionu olmuş "Sumqayıt" FK-nınqızlar komandamızın futbolçuları iştirak edib. Hazırlanmış xüsusi proqramla bağlı isə "Sumqayıt" FK-nın U-10 komandasının baş məşqçisi Elşad Eyvazov şagirdləri maarifləndirib. Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 500-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 2500-dən çox məktəbli bu seminarın iştirakçısı olub.