30/05/2018

“Futbol və Sağlam Həyat” layihəsi 17 nömrəli tam orta məktəbdə baş tutub


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

Layihə bu dəfə Sumqayıtın 17 saylı orta məktəbində keçirilib. Adıçəkilən təhsil ocağı ilə yanaşı Təfəkkür liseyi, 14, 15, 29 və 33 saylı orta məktəbin şagirdləri də tədbirdə iştirak edib. Tədbirdə həmçinin "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, “Sumqayıt Gənclər və İdman baş idarəsinin rəisi Mübariz Bəşirov, “Kapital Bank” ASC-nin nümayəndəsi Pərviz Sədrəddinov, veteran futbolçu Nazim Süleymanov, “Sumqayıt” FK-nın futbolçuları Vurğun Hüseynov və Fərhad Vəliyev iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçisi Zahir Əsgərzadə şagirdlərə futbol oyunu haqqında hazırlanmış proqramı təqdim edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.