02/03/2018

Rail Məlikov: "Uğurlarımızda ən böyük pay sahibi azarkeşlərimizdir"


Sosial media üzərindən başladığımız rubrikamız davam edir. Belə ki, mütəmadi olaraq, "Sumqayıt" Futbol Klubunun futbolçuları sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırmaqdadırlar. Rubrikamızın budəfəki qonağı müdafiəçimiz Rail Məlikovdur. İstifadəçilərimiz tərəfindən ünvanlanan suallara adıçəkilən futbolçumuzun cavablarını Sizə təqdim edirik.
Qeyd edək ki, 2016-cı ildən "Sumqayıt" FK-nın şərəfini qoruyan Rail Məlikov komandamızın heyətində Premyer Liqada 38 qarşılaşmada meydana çıxıb.

- Niyə məhz “Sumqayıt” FK-nı seçdin?
- Komandanın qarşısına qoyulmuş məqsədi var idi. Milli komandada birlikdə oynadığım Samir Abasov da komandanın baş məşqçisi olduğu üçün həm ona kömək etməyə, həm də yaxşı bir komanda ərsəyə gətirməyə görə “Sumqayıt” FK-nı seçdim.

- Gənc və istedadlı oyunçulardan qurulmuş komandanız var. Əsasən bəxtsizlik və sadə səhvlər ucbatından qol buraxırsınız. Bunu nə ilə əlaqələndirərdin?
- Futbol səhvlər üzərində qurulub. Bəxtsizlik ucbatından qol buraxanda da insan qarşısına məqsəd qoyur və öz üzərində işləyərək səhvlərini aradan qaldırmağa çalışır.

- Səni bu kluba bağlayan nədir?
- Artıq 2 ildir ki, bu klubdayam. Komandada adi işçisindən tutmuş azarkeşinədək gözəl bir ailə ortamı var. Məni bura bağlayan səbəblərdən biri və hətta birincisi də elə budur.

- Premyer Liqada hansı komandalara qarşı oynayan zaman daha çox həyəcan keçirirsən?
- “Neftçi”yə qarşı oyunlarda məsuliyyətim daha da artıq olur. Çünki, 5 il şərəfini qoruduğum komandanın 3 il kapitanı olmuşam. “Neftçi” ilə oyunlarda zəif təsir bağışlamaq istəmirəm.

- Ən bəyəndiyin müdafiəçi?
- Uşaqlıqda “Milan”ın əfsanəsi Paolo Maldininin azarkeçi olmuşam. Bir də “Bavariya”nın sağ cinah müdafiəçisi Samuel Kuffurun oyununu çox bəyənirdim.

-“Sumqayıt”da oynamasaydın, hansı komandanı seçərdin?
- Yenə də “Sumqayıt”ı seçərdim.

- Premyer Liqada ən çəkindiyin futbolçu kimdir?
- Çəkindiyim oyunçu yoxdur. Lakin, bəzi hücumçular var ki, onlara qarşı oynamaq çətin olur.

- Saç ustana nə qədər pul verirsən?
- Saç ustam Fəriddir. Sumqayıta gələndən saçlarımı onə əmanət etmişəm. 20 manata saçlarımı qaydasına salır.

- Türkiyədə hansı kluba azarkeşlik edirsən?
-İlyarım Türkiyədə “Denizlispor”da çıxış etmişəm. Buna baxmayaraq, Türkiyənin heç bir klubuna azarkeşlik etmirəm. "Beşiktaş"ın sərgilədiyi futbolu isə bəyənirəm.

- Barselona, yoxsa Real Madrid?
- Barselona.

- “Sumqayıt” FK deyiləndə ağlına ilk nə gəlir?
- Gənc və istedadlı futbolçulardan qurulmuş komanda.

- Komandada sənə ən yaxın olan futbolçu?
- Buradakı futbolçuların hamısı mənə yaxındır. Lakin, ən birinci Fərhad Vəliyevlə məşqçi Samir Abasovu tanımışam. Millidə illərlə çiyin-çiyinə oynamışıq.

- Sumqayıt azarkeşləri sizə yaxşı dəstək ola bilirlər?
- Mənə görə çempionatda sidq-ürəkdən komandasını dəstəkləyən azarkeşlər “Sumqayıt”ın azarkeşləridir. Vaxtı ilə Lənkəranda, Tovuzda, hazırda isə Gəncədə də böyük azarkeş kütləsi olur. Amma bizim azarkeşlərimiz qədər ürəkdən komandaya bağlı olan ikinci bir kütlə görməmişəm. Biz də əlimizdən gələni edirik ki, hər oyunda onları qələbə ilə sevindirək. Bizim qazandığımız hər bir uğurda onların böyük rolu var.

- Dünyada ən çox çıxış etmək istədiyin klub?
- Uşaqlıqdan “Bavariya” azarkeşiyəm. Həmişə özümü bu klubda görmək istəmişəm. Arzularımdan biri də “Neftçi”də oynamaq idi, artıq o istəyimə çatmışam (gülür).

- Səncə “Sumqayıt” Azərbaycan kubokunu götürüb Avroliqaya vəsiqə qazana biləcək?
- Çempionatda da yer tutmaq istəyirik, amma əsas hədəfimiz kubokun qalibi olmaqdır. Azərbaycan kubokunu qazanaraq tarixdə bir ilki reallaşdırmaq istəyirik və Sumqayıt camaatını bu sevinci yaşadmaq ən böyük arzumuzdur. Çünki, bu klub, bu şəhər bu cür möhtəşəm uğurlara layiqdir.

- “Sumqayıt”ın məşqçisi olsaydın, hansı mövqeyi gücləndirərdin?
- Mənə görə “Sumqayıt”ın heç bir mövqeyini gücləndirməyə ehtiyac yoxdur.

- Gənclərlə ayaqlaşa bilirsən?
-Bu sualı gənclərə ünvanlasanız daha yaxşı olar. Bu kluba gələn gündən özümü ailə ortamında hiss etmişəm. Gənc futbolçularımız da böyük-kiçik yeri bilirlər, böyüklərin sözünü yerə salmırlar.

- Sənə görə Azərbaycanın ən güclü qapıçısı, yarımmüdafiəçisi və hücumçusu?
- Hazırda ən güclu qapıçı Fərhad Vəliyevdir. Çempionatın ən yaxşı formada olan, stabil qapıçısıdır. Yarımmüdəfiəçi Qara Qarayev, Rəşad Eyyubov və Cavid İmamverdiyev, hücumçu isə Mahir Mədətov və Amil Yunanovu qeyd edərdim.

- Azərbaycanın ən potensiallı stoperi?
- Gələcəyə böyük ümidlər verən stoper kimi Bəhlul Mustafazadəni görürəm. Onun xarici klubların birində çıxış etməsini çox istəyirəm. Çünki, xaricdə oynasa, daha da irəli gedə bilər və ölkəmizi layiqincə təmsil edə bilər. Bunu onun özünə də demişəm.

- Futbolçu olmasaydın hansı peşəni seçərdin?
- Açığı bu barədə heç fikirləşməmişəm.

- Sonda “Sumqayıt” FK-nın azarkeşlərinə sözün nədir?
- Bir nömrəli azarkeşlərimizə sözüm odur ki, həmişə bizi belə dəstəkləsinlər, bizimlə birgə nəfəs alsınlar. Çünki, bizim onların dəstəyinə ehtiyacımız var. Sumqayıt camaatının hər oyunda bizə dəstək olmasına çox sevinirəm. Sonuncu oyunda “Keşlə” səfərində az sayda olsalar belə, biz özümüzü rəqib meydanında hiss etmədik. Uğurlarımızda ən böyük pay sahibi azarkeşlərimizdir. Onlarla fəxr edirik.