Orxan Həsənov: “Neftçi” ilə oyundan uğurlu nəticə ilə ayrılmaq istəyirik"


“Sumqayıt” Futbol Klubu Premyer Liqanın növbəti turu çərçivəsində fevralın 15-də doğma azarkeşləri qarşısında “Neftçi” ilə üz-üzə gələcək. “Ağ-qaralar”ın yetirməsi olan, hazırda komandamızda çıxış edən Orxan Həsənov hazırlıq prosesi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Antalyada təlim-məşq toplanışını yüksək səviyyədə başa vurduq. İki həftəlik Türkiyə toplanışının bəhrəsini Premyer Liqa oyunları zamanı görəcəyik. Biri-birindən maraqlı məşqlər komandamızdakı abu-havanı xeyli yüksəltmişdi. Nəzərinizə çatdırım ki, Antalyada 4 gün müddətində U-21-in düşərgəsinə də yollandım. Milli komandanın heyətində iki yoxlama oyununda 90 dəqiqə meydanda oldum. Əvvəlki formamı yavaş-yavaş bərpa etmək üzrəyəm. Yığmadan başqa, “Sumqayıt”ın heyətində 3 yoxlama görüşündə iştirak etdim. Bakıya qayıtdıqdan sonra da məşqlərimizi davam etdiririk. Özümü çempionatın ikinci mərhələsinə tam hazır sayıram. Bu sözləri komandamızada aid etmək olar”.

Həsənov sabiq komandası “Neftçi” ilə oyun haqqında da danışıb. Adıçəkilən futbolçu “ağ-qaralar”la oyunda uğur qazanacaqlarına inanır: “Neftçi” mənim doğma klubumdur. Futbolçu kimi yetişməyimdə “ağ-qaralar”ın əməyi çoxdur. Lakin biz peşəkarıq. Müxtəlif vaxtlarda, müxtəlif klublarda oynaya bilərik. Hazırda “Sumqayıt”ın uğurları üçün çalışıram. Gənclərdən qurulmuş əla komandamız var. Qarşıdakı “Neftçi” ilə oyun mənim üçün ayrıca önəm kəsb eləmir. Flaqmanla görüş fasilədən qayıtdıqdan sonra ilk matçımız olacaq. Bu qarşılaşmadan uğurlu nəticə ilə ayrılmaq istəyirik və buna bütün komanda ilə inanırıq”.

20 yaşlı yarmmüdafiəçi “Sumqayıt”ın yeni transferləri – Tərlan Quliyev, Uğur Pamuk, Yasin Abbasov və Ruslan Məcidov haqqında da fikirlərini bildirib: “Tərlan Quliyevlə uşaqlıqdan bir yerdə oynayırıq. U-15, U-17, U-19 indi isə U-21-in heyətində millinin uğurları üçün çalışırıq. Azərbaycanın ən perspektivli futbolçularından biridir. Ruslan Məcidovu da “Neftçi”dən tanıyıram. O, “Sumqayıt”da əvvəlki formasını bərpa edə biləcək. Uğur Pamuk olduqca cəld və dəqiq ötürmələrə malik olan futbolçudur. Komandamıza çox xeyir verəcək. Yasin Abbasov da komandanın hücum xəttini xeyli gücləndirəcək”.