22/11/2017

68 yaşlı Sumqayıt


Bu gün Sumqayıtın şəhər statusu almasından 68 il ötür. Sumqayıt şəhərinin ərazisi 94,7 kvadrat kilometr, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 3597 nəfər təşkil edir ki, ölkənin başqa şəhərlərinə nisbətən əhalisi ən sıx olan şəhərdir. 2017-cı ilin oktyabr ayının 1-i vəziyyətinə Sumqayıt şəhər əhalisi 340,7 min nəfər təşkil edir. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. İstilik Elektrik Stansiyası yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi. Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. Qeyd edək ki, şəhərin tərkibinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin və Corat qəsəbələri daxildir. Ötən müddət ərzində Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.
“Sumqayıt” Futbol Klubunun kollektivi adından bütün sumqayıtlıları bayram münasibətilə təbrik edirik!

Şəhər gününüz mübarək, əziz sumqayıtlılar!