01/02/2012

Samir Abasov: “Futbola “Sumqayıt”da “əlvida” demək istəyirəm”


“Sumqayıt” Futbol Klubunun kapitanı Samir Abasovun bu gün 34 yaşlı tamam olur. Futbolçumuzu kollektivimiz adından doğum günü münasibətilə təbrik edir, ona mənalı həyat və uğurlar arzu edirik. Abasov klubun rəsmi saytına müsahibə verib.

- 34 yaş sizin üçün nə deməkdir?
- İlk öncə təbrikə görə sizə minnətdarlığımı bildirirəm. 34 yaş insan həyatı üçün heç də az yaş deyil. Qocaldığımı hiss edirəm. Futbolçu kimi son dövrləri yaşayıram. Bunu fikirləşdiyim zaman kövrəlirəm. Futbolçu üçün sonu fikirləşmək ən pis duyğulardandır. Bunu bütün futbolçular təsdiqləyə bilər.

- Arxada qalan 34 ildə nə üçün təəssüflənmisən?
- Futbolçu üçün ən pis zaman onun zədələnməsidir. Karyeram ərzində elə vaxtlar olub ki, zədəli olduğum üçün xeyli müddət yaşıl meydanlardan kənarda qalmışam. Futbolçu kimi zədələrə görə təəssüflənmişəm. Həyatda isə, Allaha şükürlər olsun heç nəyə görə təəssüf hissi keçirməmişəm. Hazırkı həyatımdan çox razıyam.

- Həyatında ən sevincli günlərin...
- Həyatımda ən sevincli günlərim övladlarımın anadan olduğu tarixlərdir. Böyük oğlum Orxan dünyaya gələn zaman, daha dəqiq desəm 2007-ci il 28 noyabr tarixini heç vaxt unutmayacağam. 2009-cu ildə kiçik oğlum Sərxanın anadan olması da həyatıma qızıl hərflərlə yazılıb. 34 ildə ən sevincli günlərdən biri də milli komandanın heyətində vurduğum ilk qoldur. Bolqarıstanda təlim-məşq toplanışında olan zaman yerli klubların biri ilə qarşılaşırdıq. 2:0 hesabı ilə qalib gəldiyimiz yoxlama oyununda ilk qolun müəllifi olmuşdum. Səmimi deyirəm, bunu heç vaxt unutmayacağam.

- Ad gününü qeyd etməyi xoşlayırsanmı?
- Özümə heç vaxt ad günü keçirməmişəm. Doğum günü qeyd etməyi qətiyyən sevmirəm. Ailəmi, dostlarımı və yaxınlarımı əziyyətə və xərcə salmaq istəmədiyim üçün belə edirəm. Buna baxmayaraq, başqalarının ad günlərinə getməyi çox sevirəm.

- Hansı doğum günün sənin üçün daha yaddaqalan olub?
- İlk dəfədir ki, ad günümü evdə ailəm və övladlarımla qeyd edirəm. Bəlkə də bu, mənim üçün ən yadda qalan doğum günü olacaq. Uşaqlıq illərini nəzərə almasam, bu vaxtda qədər əksər doğum günlərim milli komandanın təlim-məşq toplanışlarına təsadüf edib. Coko Hadziyevski yığma komandanın baş məşqçisi olan zaman Türkiyədə hazırlıq keçirdik. Uşaqların bəziləri ad günüm olduğunu bilirdi. Buna görə də, komanda mənim üçün xüsusi tort almışdı.

– Bu vaxtda qədər ad günündə aldığın ən yaddaqalan hədiyyə...
- Mən daha çox hədiyyə verməyi sevirəm. Aldığım hədiyyələrin hamısı mənim üçün əzizdir. Ailəm tərəfindən aldıqlarım isə mənə daha doğmadır.

- Futboldan başqa nə ilə məşğul olursan?
- Təbiəti çox sevirəm. Boş vaxtlarım olan zaman ağac əkirəm. 

- Futbolçu kimi son olaraq hansı komandanın formasını geyinmək istərdin?
- Kasıb ailədə böyümüşəm. Uşaqlıq illərim də çətin keçib. Futbola Sumqayıt şəhərində başlamışam. İlk məşqçim isə Tofiq Rzayev olub. Hərbi xidmətdən qayıtdıqdan sonra böyük futbola başladım. Ondan sonra vəziyyət mənim üçün yaxşılığa doğru dəyişdi. Hazırda “Sumqayıt” Futbol Klubunun bir parçasıyam və bununla fəxr edirəm. Açığı, maliyyə cəhətdən daha yüksək təkliflər almışdım. Lakin uşaqlıqdan bəri bir arzum var. Futbola Sumqayıtda “əlvida” demək istəyirəm. İnşallah, qismət olarsa, “vida oyunumu” bu komandanın forması ilə keçirmək niyyətindəyəm.

- Gələcəklə bağlı nə düşünürsən?
- Futbolçu karyeramı bitirdikdən sonra özümü məşqçi kimi sınamaq istəyirəm. Futbol mənim həyatımdır. Bu sahədən ayrılsam, yaşaya bilmərəm. Məşqçilik işinə isə tez bir zamanda başlamaq istəmirəm. Qismət olsa, bir qədər təcrübə keçmək istərdim. Ən böyük arzum da nə vaxtsa milli komandalardan birini çalışdırmaqdır

- Samir Abasov öz doğum günündə özünə nə arzulayır?
- Əsas cansağlığı...