26/01/2012

Əvəzedicilər təlim-məşq toplanışına start verib


“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası bu gündən etibarən təlim-məşq toplanışına start verib. Bu günə qədər gün ərzində 1 dəfə olmaqla fiziki göstəricilərinin artırılması yönündə hazırlıq keçən Vaqif Paşayevin yetirmələri fevarlın 8-nə qədər Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda çempionatın ikinci mərhələsinə hazırlaşacaq. Qeyd edək ki, əvəzedici komandanın iki futbolçusu – Ülfət Hüseynov və Vurğun Həsənzadə ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. Əvəzedici komandanın hazırlıq prosesi ilə bağlı baş məşqçi Vaqif Paşayevin fikirlərini öyrəndik: “Bu günə qədər fiziki hazırlıq üzərində işləyirdik. Artıq çempionatın ikinci mərhələsi üçün təlim-məşq toplanışına start vermişik. Gün ərzində iki dəfə məşq edirik. Hazırda komandanın heyətində 7-8 baxışda olan futbolçular var. Bundan başqa, “Sumqayıt”ın aşağı yaş qruplarından ibarət komandalardan 6 yeni futbolçunu əvəzedici komandaya cəlb etmişik. Akademiyadan cəlb olunanlar hamısı 1996-cı il təvəllüdlü futbolçulardır. Onların komanda ilə hazırlaşması çox yaxşı haldır. Bir müddətdən sonra Akademiyadan gələn uşaqlar tam hazır vəziyyətə gələrək bizə çox kömək edəcəklər. Onlardan başqa, bir neçə yeni futbolçunu da heyətimizə qatmağı düşünürük. İki yoxlama oyunu keçirəcəyik. Sabah saat 12:30-da Olimpiya Yığmalarının Təlim-Məşq bazasında “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşacağıq. Yanvarın 31-də isə Sərhətçi İdman Kompleksində “Qarabağ”ın vəzedicilərini sınağa çəkəcəyik”.