20/07/2017

"Sumqayıt" FK yoxlama görüşündə "Al-Fateh"ə qalib gəlib


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh" klubu ilə üz-üzə gəlib. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli saatla 18:00-da start götürüb.

Qeyd edək ki, 1958-ci ildə yaranmış “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Peşəkar Liqasını 8-ci yerdə bitirib.

Rəşad Eyyubovdan iki, Ramil Həsənovdan 1 qol

Qarşılaşma "Sumqayıt" Futbol Klubunun hücumları ilə başladı. İlk hissələrdən hücuma atılan komandamız hesabı 14-cü dəqiqədə açdı. Yeni transferimiz Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının "uzaq doqquzluğ"una göndərməklə baxımlı qola imza atdı.

Oyunun 37-ci dəqiqəsində Rəşad Eyyubov daha bir gözəl qolla yadda qaldı. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik oldu. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirdi.

İkinci hissə də "Sumqayıt" FK-nın üstünlüyü ilə keçdi. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirdi.

Yoxlama oyunu
Bolu, Von Resort Hotelinin stadionu

"Sumqayıt" FK - "Al-Fateh" 3:0
Qollar:
Rəşad Eyyubov, 14, 37. Ramil Həsənov, 88.

"Sumqayıt" FK bu heyətlə çıxış edib: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

Oyuna sonradan daxil olanlar: 31. Miremil Həsənov, 14. Bəxtiyar Həsənalızadə, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, Ramil Orucov, Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov.

Baş məşqçi: Samir Abasov.