18/05/2017

Təbrik edirik!


Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov tarixi nailiyyət əldə edib. Belə ki, adıçəkilən idmançımız dünya şahmatçılarının reytinq cədvəlində 2800 xal həddini keçən ilk azərbaycanlı olub. O, bu günlərdə FİDE-nin Qran-prisində iştirak edir. Yarışın dördüncü turunda Şəhriyar, ərəb qrossmeysteri Saleh Sələmi məğlub edərək xallarının sayını 2801-ə çatdırıb. Şəhriyar Məmmədyarov bu göstərici ilə yalnız Maqnus Karlsen, Uesli So, Vladimir Kramnik və Fabiano Karuanadan geridə qalır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O Sumqayıtda 23 №-li məktəbi bitirdikdən sonra peşəkar şahmatçı karyerasına başlayıb. Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç Beynəlxalq qrossmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı - Zeynəb Məmmədyarova və kiçik bacısı - Türkan Məmmədyarova.

"Sumqayıt" Futbol Klubu adından Şəhriyar Məmmədyarovu qazanılan tarixi uğur münasibəti ilə təbrik edir, ona karyerasında müvəffəqiyyətlər arzu edirik.