06/04/2017

"Futbol və Sağlam Həyat" adlı layihə start götürüb


"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İB-nin dəstəyi, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə şəhərin bütün orta təhsil ocaqlarında növbəti "Futbol və Sağlam Həyat" layihəsi start götürüb. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdir. Seminar tipli layihədə hər məktəbdən 10-12 yaş arası aldığı qiymətlərlə seçilən şagirdlər iştirak edəcək.

Sumqayıtda yerləşən 18 saylı orta məktəbdə adıçəkilən layihənin açılış mərasimi baş tutub. Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov, Sumqayıt Şəhər Gənclər və Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, klubun Müşahidə Şurasının sədri Abdulla Məmmədov, xüsusi qonaqlar - U-21 millimizin baş məşqçisi Yaşar Vahabzadə və köməkçi məşqçi Babək Alxasov, Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin, eləcədə "Sumqayıt" FK-nın rəhbərliyi, məşqçi heyəti və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev "Futbol və Sağlam Həyat" layihəsi haqqında qonaqlara məlumat verib. Ardınca millət vəkili Muxtar Babayev tədbirin vacibliyi haqqında danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov isə son zamanlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan söz edərək yeniyetmələrə bəzi tövsiyyələrini verib. Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov və U-21 yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə də layihə haqqında fikirlərini bildirib.

Daha sonra "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov, futbolçular Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə və Amil Yunanov imzalanmış topu həmçinin klubun oyun geyimini məktəbin muzeyinə hədiyyə edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra klubun məşqçi heyəti şagirdlərə futbol oyunu və sağlam həyat haqqında seminar keçib. Sonda "Sumqayıt" FK-nın məşqçi heyəti ilə şagirdlər arasında sual-cavab yarışması keçirilib və qaliblər mükafatlandırılıb. Bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri və sponsorların hazırladıqları hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 500-dən artıq məktəblinin qatılacağı layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 2000-dən çox məktəbli bu seminarın iştirakçısı olub.