19/01/2012

“Sumqayıt” “Jetusi”ni məğlub edib


Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Bernhard Raabın komandası əvvəlcədən xəbər verdiyimiz kimi Qazaxıstan Premyer Liqasında 2-ci pillədə qərarlaşan “Jetisu” klubu ilə üz-üzə gəlirdi.

20 yanvar matəm günü ilə əlaqədar olaraq “Sumqayıt”lı futbolçular meydana qara sarğı ilə çıxmışdı. Oyunu azərbaycanlı hakimlər briqadası idarə edirdi. Baş hakim Alik Yunusova, İlham Əliyev və Elşən Acalov kömək edirdi.

Qarşılaşmada ilk qol 70-ci dəqiqədə vuruldu. Uğur Pamukun sağ cinah ötürməsindən sonra cərimə meydançasında boş qalan Ramil Həşimzadə bir toxunuşla topu tora qovuşdurdu.

Bu qoldan 7 dəqiqə sonra “Sumqayıt” daha bir qol vurdu. Abdulla Abatsıyevin ötürməsindən sonra Ruslan Qurbanov qapıçı ilə üz-üzə qalsa da, rəqib qolkiper “yuvarlaq meşin”i uzaqlaşdırdı. Bu epizodda topa yiyələnən Uğur Pamuk təxminən 40 metrlik məsafədən topu tora qovuşdurdu.

“Sumqayıt” ilk hissədə meydana bu heyətlə çıxmışdı: 
Andriy Popoviç, Şamil Cəmaləddinov, Bədavi Hüseynov, İlyas Quliyev, Tərlan Quliyev, Eşqin Quliyev, Emin Mustafayev, Samir Abdulov, Orxan Həsənov, Mahmud Qurbanov (k), Kamil Nurəhmədov.

Meydaha ikinci hissədə davam edən futbolçular: 
Sahil Kərimov, Ruslan Tağızadə, Timur İsrafilov, Samir Yusifov, Slavik Alxasov, Samir Abasov (k), Abdulla Abatsıyev, Uğur Pamuk, Murad Səttarlı, Ramil Həşimzadə, Ruslan Qurbanov.

Bernhard Raab (“Sumqayıt” Futbol Klubunun baş məşqçisi): 
“Yoxlama oyunu olduğu üçün meydana iki heyət buraxmışdım. Hər iki heyət rəqibdən üstün oyun nümayiş etdirdi və nəticədə qələbə qazandıq. Qarşıda bizi “Paterborn”la daha çətin sınaq gözləyir”.