13/01/2012

Fan kluba rəhbər təyin olunub


“Sumqayıt” Futbol Klubunun rəsmi fan klubunun rəhbəri təyin olunub. 2003-2008-ci illər ərzində “Gənclərbirliyi” Futbol Klubunda fan hərəkatının rəhbəri olmuş, uzun illər Sumqayıt futboluna xidmət etmiş, veteran futbolçu Sənan Mirzəyev təyinatı ilə bağlı klubun rəsmi internet səhifəsinə açıqlama verib: “Sumqayıt böyük futbol ənənələri olan şəhərimizdir. Bu şəhər daim ölkə futboluna önəmli simalar, idmançılar və futbolçular bəxş edib. Son dövrlər Sumqayıt futbolsuz qalmışdı. Lakin yayda bu layihəni eşidəndə çox sevinmişdim. Klubda görülən işlər göz qabağındadır. Komandamız yalnız yerlilərdən ibarətdir, müxtəlif yaş qrupu üzrə milli komandaların üzvləridir. Hazırda bu ailənin bir parçası olduğuma görə çox sevincliyəm. Sumqayıt azarkeşləri daim çılğınlıqları, komandaya sədaqətliyi ilə yaddaşlarda qalıb. Ümid edirəm ki, Sumqayıt fan klubu ölkədə azarkeş mədəniyyətinin formalaşmasında böyük rol oynayacaqdır. Sonda bütün sumqayıtlı azarkeşləri “Sumqayıt” Futbol Klubuna dəstək olmağa çağırıram”.