19/01/2017

“Sumqayıt” FK Antalyada sonuncu yoxlama oyununda “Atırau” ilə qarşılaşıb


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi, Qazaxıstan təmsilçisi “Atırau” ilə üz-üzə gəlib.

Hakimin start fitindən öncə 20 yanvar şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Həmçinin komandamızın üzvləri meydana qollarında qara sarğı ilə çıxıb.

Oyuna gəlincə, ilk hissədə “Sumqayıt” FK rəqibindən üstün oyun nümayiş etdirib və 33-cü dəqiqədə Maqomed Kurbanov penalti zərbəsindən sonra hesabı açıb. Qeyd edək ki, bu qoldan 2 dəqiqə əvvəl “Atırau” penaltidən yararlana bilməyib. 
Qarşılaşmanın 85-ci dəqiqəsində rəqib başla vurduğu qolla hesabı bərabərləşdirib. Hakimin əlavə etdiyi sonuncu dəqiqədə isə “Atırau” penalti zərbəsini dəqiq yerinə yetirməklə oyunun hesabını rəsmiləşdirib.

“Sumqayıt” FK (Azərbaycan) – “Atırau” (Qazaxıstan) 1:2