06/01/2012

Uğur Pamuk: “Ən böyük arzum milli komandamızın formasını geyinməkdir”


“Sumqayıt” Futbol Klubu Tərlan Quliyevin ardından növbəti futbolçu Uğur Pamuku heyətinə qatıb. Komanda ilə 1,5 illik müqavilə imzalayan 22 yaşlı Azərbaycan əsilli futbolçu rəsmi saytımıza müsahibə verib.

- Özünüz haqqında məlumat verərdiniz...
- 26 iyun 1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olmuşam. Məndən başqa, ailədə bir qardaşım və bir bacım var. Atam Türkiyənin İğdır vilayətindəndir. Əslim isə Azərbaycandandır. Mənim babam Gəncədəndir. İkinci dünya müharibəsindən sonra babam ailəsi ilə İğdıra köçüb. Hazırda bəzi qohumlarım Gəncədə yaşayır. Mən isə Bilefeld şəhərində doğulmuşam.

- Futbola gəlişiniz necə baş tutub?
- Dörd yaşım olarkən atam məni Bilefeld şəhərində yerləşən “TuS 08 Senne” klubunun uşaq komandasına yazdırıb. Yeddi il bu klubda futbolun sirlərini öyrənmişəm. On dörd yaşım olan zaman isə Bilefeldin “Arminiya” klubunun skautları tərəfindən bəyənilib və bura dəvət olunmuşam. İki il adıçəkilən klubun əvəzedicilərindən ibarət komandasında çıxış etmişəm. Çıxdığım 16 oyunda rəqib qapılarından 2 top keçirmişəm. Sonrakı üç mövsümü isə “VTL Thessen” klubunda keçirmişəm. Bu klubda 50-dən artıq qol vurmuşam. Ardından “Arminiya”nın əvəzedici komandasına qayıdıb daha bir il bu klubda çıxış etmişəm. Son dörd ili isə “TUS Dornberq”də keçirmişəm. Almaniya 5-ci liqasında çıxış etsək də, bir il sonra 4-cü diviziona vəsiqə qazandıq. İlk iki mövsümdə bütün oyunlarda forma geyinmişəm. 25 qol vurub, 40-dan çox qol ötürməsi etmişəm. Cari mövsümdə isə 16 oyunda 1 qola imza atmışam.

- “Sumqayıt”a transferin necə baş tutdu?
- “Sumqayıt” hələ mövsümün əvvəlində mənim xidmətimdə maraqlı idi. Noyabr ayında adıçəkilən klubun baş məşqçisi Bernhard Raab oyunumu canlı izləmək üçün Almaniyaya gəlmişdi. Həmin matçdan sonra almaniyalı mütəxəssis məni bəyəndiyini bildirdi. Daha sonra “Sumqayıt” Klubu haqqında məlumat toplamağa başladım. Gənclərdən qurulmuş bir komandada çıxış etmək çox gözəl haldır. Komandnın strategiyası ilə tanış olduqdan sonra rəhbərliklə danışıqlara başladım.

- Bir dəfə Azərbaycan millisinin heyətində təlim-məşq toplanışında iştirak etmişdin...
- Ötən il AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə oyundan əvvəl Azərbaycan millisi Almaniyada təlim-məşq toplanışına gəlmişdi. O zaman məni hazırlıq prosesinə cəlb etmişdilər. Ən böyük arzum Azərbaycan seçməsinin formasını geyinməkdir. Yığmada oynamağı çox arzulayıram. Ümid edirəm ki, “Sumqayıt”da uğurla çıxış edib Berti Forqtsun rəğbətini qazanacağam. Özümə inamım böyükdür.

- “Sumqayıt”a gəlməzdən əvvəl hansısa klubdan təklif almışdınmı?
- Türkiyənin Bank Asiya Liqasında mübarizə aparan “Boluspor” ötən mövsüm məni transfer etmək istəyirdi. Lakin “TUS Dornberq” bu keçidə mane oldu. Bir dəfə isə Türkiyənin 19 yaşadək futbolçulardan ibarət millisinə çağırılmışdım. Həmin toplanış seleksiya xarakteri daşıdığı üçün getmək istəmədim.

- Premyer Liqanın oyunlarını izləmək imkanın olubmu?

- Foqts tərəfindən millinin toplanışına dəvət olunandan sonra Azərbaycan futbolu ilə daha çox maraqlanmağa başladım. Premyer Liqada bir neçə oyunu izləmək imkanım olub. “Sumqayıt”ın “Neftçi”, “Qarabağ” və “Qəbələ” ilə oyunlarını peyk vasitəsi ilə canlı izləmişəm. İnternetdən də çox şey oxuyuram. Bundan başqa, millinin üzvləri Rəşad Sadıqov, Ruslan Abışov, Ufuk Budakla xoş münasibətim var.

- “Sumqayıt”la ilk məşqdən sonra təəssüratlarınız...
- Bu kluba gəldiyimə peşman olmayacağıma inanıram. Uşaqlarla bir-bir tanış oldum. Eşitdiyimə görə, Raab çox maraqlı məşqlər keçir.