04/01/2012

Aqil Məmmədov futbolçu karyerasını başa vurdu


“Sumqayıt” Futbol Klubunun və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aqil Məmmədov futbolçu karyerasını rəsmən başa vurub. Adıçəkilən futbolçu bundan sonra klubumuzun 15 yaşadək futbolçulardan ibarət komandasında baş məşqçi kimi fəaliyyət göstərəcək. Məmmədov klubun rəsmi saytına fikirlərini bildirib: “Futbolçuya böyük futboldan ayrılmaq çox çətindir. Kövrəlmədim desəm, yalan olar. Hələ ötən ay bu qərarı vermişdim. Düşünürəm ki, özümü məşqçi kimi göstərə bilərəm. “Sumqayıt” böyük layihədir. Mən bu ailədən ayrılmıram. Bu gün klubun rəhbərliyi ilə görüşüm oldu. Onlar mənə müxtəlif variantlar təklif etdi. Mən isə aşağı yaş qruplarında çalışmaq istəyimi onlara bildirdim. Beləliklə, “Sumqayıt”ın 15 yaşadək futbolçulardan ibarət komandası mənə həvalə olundu. Bu işin öhdəsindən gələcəyimə inanıram”.

Nəzərinizə çatdıraq ki, "Sumqayıt"ın 15 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edən Vəfadar Quliyevin isə Futbol Akademiyasının digər yaş qrupunda çalışacağı gözlənilir.