04/01/2012

“Sumqayıt” 2-ci dövrənin hazırlıq mərhələsinə start verir


“Sumqayıt” Futbol Klubu istirahəti başa vurub. Bernhard Raabın rəhbərlik etdiyi komanda sabahdan etibarən Premyer Liqanın ikinci dövrəsi üçün hazırlıq mərhələsinə start verəcək. Komandamız ilk məşqini sabah saat 13:00-da Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək.

“Sumqayıt”ın “Neftçi”dən mövsümün sonuna qədər icarəyə götürdüyü yeni transferi Tərlan Quliyevdən başqa, “TUS Dornberq”dən transfer olunan 22 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi Uğur Pamuk da sabahkı məşqdə iştirak edəcək. 

Qeyd edək ki, “Sumqayıt” Futbol Klubunun hazırlıq mərhələsi iki hissədən ibarət olacaq. Birinci hissədəki toplanış yanvarın 5-dən 15-dək Bakıda baş tutacaq. Hazırlıq mərhələsinin ikinci hissəsi isə Türkiyənin Antalya şəhərində olacaq. Klubumuz Belek bölgəsinin “Limak Arkadia” otelində məskunlaşacaq. Yanvarın 16-dan 30-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komandamız üç və ya dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Antalyada ilk rəqibimiz isə Qazaxıstan Premyer Liqasında ikinci pillədə qərarlaşan “Jetisu” Futbol Klubu olacaq.

Nəzərinizə çatdıraq ki, 5 futbolçumuz – Emil Balayev, Samir Yusifov, Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Camaləddinov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak etdiyi üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq.