19/12/2011

"Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq"


Dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı tədbirdəki çıxışında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı fikirlərini bildirib: «Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcəkdir. Bu, böyük, mötəbər yarış olacaqdır. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Yəni Azərbaycan dünyada idman ölkəsi kimi özünü artıq təsdiqləyib və bu, görülən işlərin nəticəsidir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bunu deməyə kifayət qədər əsaslar vardır. Son illər ərzində idmançılarımız dünya və Avropa çempionatlarında qələbələr qazanmışlar. Yəni bu gün Azərbaycan idmançıları ilə hesablaşırlar və beynəlxalq olimpiya ailəsində fəaliyyətimiz də yüksək qiymətə malikdir.

Bir sözlə, Azərbaycanda idman inkişaf edir, idman infrastrukturu yaradılır. İdmanla məşğul olmaq üçün hər bir bölgədə gözəl imkanlar vardır. Yaxın gələcəkdə hər bir rayon mərkəzində gözəl olimpiya idman kompleksləri istifadəyə veriləcəkdir».